“Tur-operator – turagent münasibətlərinin icrasının real nəzarət mexanizmi ilə tənzimlənməsi vacibdir” – GÖYDƏNİZ QƏHRƏMANOV
“Xüsusilə tur-operator və turagent münasibətləri qanunvericilikdə nəzərdə tutulsa da, bu münasibətlərin icrasına real nəzarət mexanizmi ilə tənzimlənməsi vacibdir”.
Turizmplus.az xəbər verir ki, bu sözləri millət vəkili Göydəniz Qəhrəmanov fevralın 27-də parlamentdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmə zamanı qeyd edib.
“Tur-operatorun müştəriyə birbaşa satış etməməsi təmin olunmalı və eyni zamanda tur zamanı baş verə biləcək hər hansı hadisə ilə bağlı məsuliyyətin tur-operatorun üzərində olması daha aydın şəkildə təsbit edilməlidir. Bununla yanaşı, turagentlərin tur-operator fəaliyyəti ilə məşğul olmaması, onların tur-operator tərəfindən hazırlanmış turizm məhsullarının satışını həyata keçirməsi məqsədəuyğundur.
Bu yanaşma turizm sektorunda sağlam rəqabətin qorunmasına və məsuliyyət bölgüsünə xidmət edəcəkdir”, – deyə Göydəniz Qəhrəmanov qeyd edib.

