Turizm ekspertlərindən turistlərə çağırış: Tarixi və mədəni məkanları qoruyun !
Son günlər Şuşaya səfər edən bəzi şəxslərin şəhərdəki tarixi və təbii əhəmiyyət daşıyan daş və qayaların üzərinə müxtəlif adlar və yazılar həkk etməsi ciddi narazılığa səbəb olub. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi də bildirilib ki, yazıların silinməsi zamanı Cıdır düzündəki qayalara ziyan dəyib.
Məsələ ilə bağlı turizm ekspertləri tarixi və mədəni əhəmiyyətli məkanlara zərər vurulmasının yolverilməz olduğunu bildirərək, maarifləndirmə və nəzarət tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Mədəni-tarixi və sosial əhəmiyyətli məkan və obyektlərə vətəndaşlar və ya turistlər tərəfindən hər hansı formada zərər vurulması yolverilməzdir. Belə hallara görə qanunvericilikdə nəzərdə tutulan cərimələrin tətbiqini müsbət qiymətləndirirəm.
Bunu AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Kənan Hənifəyev deyib. O qeyd edib ki, tarixi və mədəni əhəmiyyət daşıyan məkanlarda ziyarətçilər və ya həmin ərazilərdə yaşayan şəxslər tərəfindən tarixi yerlərin üzərinə adların və müxtəlif yazıların həkk olunması qəbuledilməzdir və belə halları kəskin pisləyir.
“Düşünürəm ki, bu cür hərəkətləri bilərəkdən və ya bilməyərəkdən edən şəxslər müəyyənləşdirilməli, onlarla profilaktik tədbirlər aparılmalı, zəruri hallarda isə cərimələr tətbiq edilməlidir. Öz tariximizi, mədəniyyətimizi və bizə məxsus dəyərləri qorumaq hər birimizin mənəvi borcudur”, – deyə ekspert əlavə edib.
Turistlərin tarixi abidələrə və təbii məkanlarda qayaların üzərinə müxtəlif adlar yazması, işarələr qoyması yolverilməzdir. Bu, ilk növbədə, turizm mədəniyyətinin və ictimai məsuliyyətin müəyyən qədər aşağı səviyyədə olduğunun göstəricisidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Skal Baku” Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov söyləyib. O qeyd edib ki, Azərbaycan üçün tarixi, mədəni və mənəvi əhəmiyyət daşıyan Şuşa kimi ərazilərdə belə halların baş verməsi yolverilməzdir: “Şuşanın mənəvi yükü ayrıdır. Nəzərə alsaq ki, həmin ərazilər bizim Vətən oğullarının qanı bahasına və döyüşlə azad olunub, bu kimi halların yaşanması heç də xoş deyil”.
Müsahibimizin sözlərinə görə, belə hallar yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif turizm məkanlarında da müşahidə olunur. Lakin onların sosial şəbəkələrdə yayılması mənfi təqlidə və digər insanlar üçün pis nümunəyə çevrilə bilər.
“Xüsusən media nümayəndələri bunu kifayət qədər maarifləndirici mövqedən işıqlandırmalıdırlar ki, cəmiyyətin məlumatlılığı artsın və məsələ ictimai qınağa çevrilsin”, – deyə o bildirib.
Ekspert vurğulayıb ki, maarifləndirmə ilə yanaşı, nəzarət mexanizmlərinin gücləndirilməsi vacibdir. Onun sözlərinə görə, ciddi pozuntular zamanı zərurət yaranarsa, cəza tədbirlərinin tətbiqi də nəzərdən keçirilməlidir.
C.Aşurov xatırladıb ki, bir neçə il əvvəl Göygöldə və Azərbaycanın digər turizm məkanlarında ətrafa tullantıların atılması kimi xoşagəlməz hallara da rast gəlinib.
“Turizm şirkətlərinin də üzərinə müəyyən məsuliyyət düşür. Onlar turistləri müəyyən destinasiya və məkanlara apararkən bələdçilər vasitəsilə bu məsələlərlə bağlı mütləq xəbərdarlıq etməlidirlər”, – deyə C.Aşurov əlavə edib.
“Skal Baku” Turizm Peşəkarları Təşkilatının sədri xüsusilə Qarabağın bu baxımdan həssas bölgə olduğunu qeyd edib: “Qarabağ daha həssas mövzudur, xüsusən Şuşa. Orada kimlərinsə adlarını xatırlatmaq üçün yazılar yazılması, hər hansı boya ilə işarələrin qoyulması həmin məkanın mənəvi əhəmiyyətini artırmır. Əksinə, gələcək mənəvi irsimizə xələl gətirir”.
C.Aşurov hesab edir ki, maarifləndirmə və nəzarətin artırılması belə halların azalmasına imkan verə bilər. O, Şuşada baş verən hadisəyə yalnız cəza müstəvisindən deyil, turist davranışlarının düzgün istiqamətləndirilməsi və turizm mədəniyyətinin inkişaf etdirilməsi baxımından yanaşmağın vacibliyini vurğulayıb: “Turizm mədəniyyəti təkcə turizm sahəsində olan bir xidmət deyil. Bu, həm də tarixi məkanlara, mənəvi dəyər daşıyan obyektlərə olan münasibətimizin göstəricisidir. Bu mənada belə məsələlərə daha həssas yanaşmalıyıq”. C.Aşurov belə ərazilərdə xəbərdaredici lövhələrin yerləşdirilməsini, yazıların yazılmasının ehtimal olunduğu yerlərdə kamera nəzarətinin tətbiqini və vətəndaş nəzarətinin gücləndirilməsini təklif edib.
“İstənilən halda bu, yaxşı bir örnək deyil. Dünyanın müxtəlif yerlərində, o cümlədən Avropa şəhərlərində də turizm məkanlarında ağacların və digər obyektlərin üzərinə yazılar yazılması hallarına rast gəlinir. Lakin bu, heç bir halda xoşagələn deyil. Bunun qarşısı, ilk növbədə, maarifləndirmə və nəzarət mexanizmləri ilə alınmalıdır”, – deyə o vurğulayıb.

