“Turizm şirkətlərinə bu prosesdə iştirak etməmək tövsiyə olunur” – POLİS

Polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib ki, qanunsuz sərnişindaşımaya qarşı tədbirlər həyata keçirilir.

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyatın fəaliyyəti və xidmət səviyyəsi yaxşılaşdırılsa da, problemlər də kifayət qədərdir.
Turizmplus.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hazırda əsas problemlərdən biri də qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələridir. Əsasən də turizm nəqliyyat sistemində. Bildirilir ki, qeyri-qanuni fəaliyyət göstərən, hər hansı vergiyə cəlb edilməyən, gün ərzində müxtəlif şəxslər arasında “əl dəyişdirən” bu nəqliyyat vasitələri – mikroavtobuslar asanlıqla ictimai nəqliyyat üçün ayrılmış xüsusi zolaqlardan istifadə edirlər və məsuliyyət daşımırlar. Bu da müəyyən şəxslərin daha rahat hərəkət etməsinə və dövriyyəsinin artmasına, nəticədə onların qeyri-qanuni fəaliyyət olan bu kimi sərnişindaşımalara həvəsinin artmasına gətirib çıxarır.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev sorğumuza cavab olaraq bildirib ki, qanunsuz sərnişindaşımaya qarşı tədbirlər həyata keçirilir: “Baş DYP İdarəsi qanunsuz sərnişindaşıma fəaliyyətinin qarşısının alınması və bu sahədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə aidiyyəti qurumlarla birgə davamlı olaraq zəruri tədbirlər həyata keçirir, media subyektləri vasitəsilə əhaliyə təbliğat-təşviqat xarakterli çağırışlar edilir.
İlk növbədə turizm şirkətlərə xarici vətəndaşlarının təhlükəsizlikləri naminə bu prosesdə iştirak etməmək tövsiyə olunur. Qeyri-qanuni sərnişindaşımada istismar olunan avtomobillərin texniki vəziyyətinə nəzarət edilmədiyi, əksər hallarda bu işə müvafiq sürücülük kateqoriyası və kifayət qədər iş təcrübəsi olmayan sürücülərin cəlb edildiyi, onların reysqabağı tibbi müayinədən keçirilmədiyi sərnişinlərin diqqətinə çatdırılır.
Qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən şəxslərin avtobus zolaqlarından istifadəsi məsələsinə gəldikdə isə, deyə bilərəm ki, DYP tərəfindən davamlı olaraq belə hallara qarşı qanunvericiliyə uyğun tədbirlər görülür”.
M.Ağayev əlavə edib ki, avtobus zolağına qanunsuz daxil olanlar məsuliyyət daşıyırlar: “Bir daha bu sahədə qanunvericiliyin tələblərini pozan şəxslərin nəzərinə çatdırırıq ki, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yoldan yalnız müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayancaqlarla hərəkət edən avtobuslar istifadə edə bilər. Digər nəqliyyat vasitələrinin həmin zolağa daxil olması yolverilməzdir və inzibati məsuliyyət yaradır”.