Turizmçilər üçün yay mövsümü necə keçdi? – Şirkət rəhbərləri danışdı

Sentyabr 3, 2026 15:26 / 351
Turizmçilər üçün yay mövsümü necə keçdi? – Şirkət rəhbərləri danışdı
A-
A
A+

2026-cı ilin yay mövsümü Azərbaycan turizm bazarı üçün fərqli mənzərə ilə yadda qalıb. Bəzi turizm şirkətləri satışlarda artım və xüsusilə xarici istiqamətlərə tələbatın yüksəldiyini bildirsə də, digərləri xarici turist axınının azalması, viza proseslərindəki çətinliklər və qiymət dəyişikliklərinin bazara təsir etdiyini qeyd edir.

cbx-add

Turizmplus.az yay mövsümünün nəticələrini öyrənmək, hansı istiqamətlərə tələbatın daha çox olduğunu və turizm şirkətlərinin hansı problemlərlə qarşılaşdığını müəyyənləşdirmək üçün sektor nümayəndələri arasında sorğu keçirib.

Turizm şirkətlərinin rəhbərləri 2026-cı ilin yay mövsümünü necə qiymətləndirir? Hansı istiqamətlər daha çox satılıb və əsas problemlər nədən ibarət olub? – cavabları təqdim edirik.

Nizami Həsənov – “Aristokrat Travel” şirkətinin rəhbəri:

Bu yay mövsümünü turizm sektoru üçün ümumilikdə qənaətbəxş hesab etmək olar. Lakin nəticələr yekdil deyil – istiqamətlərdən və turizm sahələrindən asılı olaraq göstəricilər kəskin fərqlənir.

Dünyada baş verən qlobal geosiyasi və iqtisadi proseslər, inflyasiya və logistika problemləri bir çox ənənəvi istiqamətlərdə aktivliyin azalmasına səbəb oldu. Bu baxımdan, bəzi alt-sektorlarda gözlənilən yüksək dinamika müşahidə edilmədi və nəticələr arzulanandan aşağı oldu.

Diqqətçəkən məqam isə durğunluq fonunda müəyyən sahələrdə müsbət dinamikanın da qeydə alınmasıdır. Artıq yüksək mövsümün – “peak season”ın sonuna yaxınlaşırıq və yekunlara nəzər salarkən həm mənfi, həm də müsbət tərəfləri aydın görmək mümkündür.

Mövsümün ən böyük nailiyyətlərindən biri bəzi ölkələrlə qarşılıqlı viza rejiminin sadələşdirilməsi və yeni əməkdaşlıq imkanlarının yaranması oldu. Bu addımlar gələcək dövr üçün turizm axınının bərpasına ciddi zəmin yaradır.

Aynur Allazova – “R Travel and Tours” şirkətinin rəhbəri:

Bu yay bizim üçün ümumilikdə aktiv, amma bir qədər çətin keçdi. Xüsusilə viza görüşlərinin götürülməsi, cavabların gecikməsi və aviabiletlərdə tariflərin tez-tez dəyişməsi iş prosesində müəyyən problemlər yaratdı.

Turistlər əvvəlki illərlə müqayisədə daha məlumatlıdırlar, amma eyni zamanda daha çox düzgün istiqamətləndirilməyə ehtiyac duyurlar. İnternetdə qiymət tapmaq asandır, amma həmin qiymətin şərtlərini, uçuş rahatlığını, hotelin yerləşməsini, viza və giriş qaydalarını düzgün analiz etmək peşəkar turmenecerin işidir.

Bu mövsümdə sorğu çox, seçim geniş, qiymətlər isə dəyişkən idi. Turistlər də daha tələbkar olmuşdular. Bir sözlə, bu yay bizim üçün aktiv, dinamik və peşəkar təcrübənin xüsusilə önəm daşıdığı bir mövsüm oldu.

Elnur Həsənov – “Summer Travel” şirkətinin rəhbəri:

Bu mövsüm turpaketlərdə qiymət artımı olsa da, gözləntilərin əksinə olaraq satışlar faiz etibarilə əvvəlki illərdən daha çox oldu.

Hətta Misir istiqamətində bir ay sonrayadək yer tapmaq mümkün olmurdu. Monteneqro və Yunanıstan kimi birbaşa turpaketlərdə də yer tapmaq çətinləşmişdi. Türkiyə istiqaməti isə həmişə olduğu kimi aktuallığını qorudu.

Səyahət edənlərin sayı çox olsa da, bazardakı mövcud vəziyyətə görə gəlirlilik səviyyəsi çox aşağıdır. Yeni qanun layihələrindən sonra turizm sektorunda sabitliyin yaxşılaşacağına əminəm.

Yaxında qış mövsümü başlayır. Hamıya xoş istirahətlər arzulayıram.

Abbas Süleymanov – “Atlas Travel” şirkətinin rəhbəri:

2026-cı ilin yay mövsümü Azərbaycan turizmi üçün ümumilikdə bir qədər zəif və gözləntilərin altında keçdi.

Xarici turist axınında azalma hiss olundu. Xüsusilə Körfəz ölkələrindən gələn turistlərin sayında ciddi geriləmə oldu. Bununla belə, Rusiya, Türkiyə və MDB bazarları müəyyən sabitliyi qorudu.

Ümumilikdə, mövsüm turizm sektoru üçün daha çox xərclərin və satış strategiyalarının yenidən nəzərdən keçirildiyi bir dövr kimi yadda qaldı.

Fərahim Əliyev – “”Green Apple MICE & Leisure Travel”” şirkətinin rəhbəri:

Ümumilikdə vəziyyətin qənaətbəxş olduğunu deyə bilərik. Siyasi hadisələr fonunda geriləmə müşahidə olunsa da, mövsümün davamında toparlana bildik.

Getmə turizmində işlər daha zəif oldu. Siyasi məsələlərin yenidən gərginləşəcəyi təqdirdə vəziyyət pisə doğru dəyişə bilər. Ümid edirik ki, belə olmayacaq.

Üzeyir Bağırlı – “Yes Travel” şirkətinin rəhbəri:

Bu mövsüm turizmçilər üçün aktiv və uğurlu keçdi.

Passiv istirahət üçün Antalya, Bodrum və Şarm əl-Şeyx istiqamətlərinə tələbat yüksək oldu. Tailand, Çin, Vyetnam və Yaponiya kimi Asiya istiqamətlərinin satışında da ciddi artım müşahidə edildi.

Avropaya tələbat yüksək olsa da, yay aylarında viza üçün görüş yerlərinin azlığı müəyyən çətinliklər yaratdı.

Oxşar xəbərlər