“Summer Tour Azerbaijan” tərəfindən agentliklərə göndərilən aviabiletlərlə bağlı əlavə yanacaq haqqı tətbiqi ilə əlaqədar yaranan suallara rəsmi aydınlıq gətirilib.
Turizmplus.az xəbər verir ki, şirkətin Bakı ofisinin rəhbəri Qüdrət Hacıyev bildirib ki, bu dəyişiklik lokal xarakter daşımır və dünya üzrə yanacaq qiymətlərində baş verən artım fonunda bir çox aviaşirkətlər tərəfindən tətbiq olunur. Bu səbəbdən qiymət artımı turoperatorun birtərəfli qərarı deyil.
Qeyd olunub ki, daha əvvəl bildirildiyi kimi, 26 aprel 2026-cı il (daxil olmaqla) tarixinədək alınmış və uçuş tarixi 1 may 2026-cı ildən sonrakı dövrə təsadüf edən rezervasiyalar üzrə hər sərnişin üçün 65 ABŞ dolları məbləğində əlavə yanacaq haqqı tətbiq edilir.
Eyni zamanda vurğulanıb ki, əlavə ödənişlə razılaşmayan müştərilər üçün tam geri ödəniş (refund) imkanı mövcuddur və bu proses cəriməsiz şəkildə həyata keçirilir.
Şirkət agentliklərə müştərilərlə kommunikasiya zamanı qiymət dəyişikliyinin qlobal səbəblərlə bağlı olduğunu, artımın aviaşirkətlər tərəfindən tətbiq edildiyini və refund imkanının mövcudluğunu xüsusilə diqqətə çatdırmağı tövsiyə edib.
Bildirilib ki, məsələ ilə bağlı mövqe dəyişməz qalır və tərəfdaşlardan qarşılıqlı anlayış gözlənilir.