Bu aylarda ən uyğun qiymətə ən maraqlı istiqamət haradır? – TURİZMÇİLƏR DANIŞIR
Azərbaycanda bu aylar yeni istiqamətlər üzrə tur-paketlər satışa çıxarılıb. Qlobal qiymət artımına baxmayaraq uzaq istiqamətlərə turların qiymətləri “cibə uyğun” görünür. Məsələn, qaynar turlar zamanı vətəndaşlarımız Bakıdan Maldivə hər şey daxil cəmi 380 USD-ə səyahət edə bilərlər.
Bəs səyahətsevərlər bu aylar ərzində hansı istiqamətlərə daha çox üstünlük verir? Bu barədə Turizmplus.az turizm peşəkarlarının fikirlərini öyrənib.
“AZE Turizm” şirkətinin rəhbəri Mehbarə Məmmədova:
Bu aylarda sərfəli qiymətlərə bir çox istiqamətləri seçmək olar. Bunlardan Maldiv, Doha, Dubay və s. istiqamətləri nümunə göstərmək mümkündür.
Bundan əlavə müştərilərin öz istəyi ilə yeni il üçün Avropa və Skandinaviya ölkələrinə də çox müraciətlər olur. Azalın Berlinə birbaşa uçuşu Avropa istiqamətinə uçan turistlər ücün çox sərfəlidir. “Wizzair”in Budapeşt və Romaya birbaşa uçuşları da səyahət edənlər üçün əlverişlidir.
Onu da nəzərinizə çatdırım ki, bəzən turistlər daha bahalı büdcə ilə başqa istiqamətlərə üstünlük verirlər.
“YES Travel” şirkətinin rəhbəri Üzeyir Bağırlı:
Hazırda ən yaxşı istiqamətlərdən biri Maldivdir. İlin bu mövsümündə hava şəraiti ideal olduğu üçün Maldiv turistlərə lüks istirahət, suüstü villalarda qalmaq və dalğıc macəraları təqdim edir. AZAL-ın Bakından Maldivə birbaşa reyslərinin olması səyahəti daha rahat edir, üstəlik, qiymətlər də kifayət qədər münasibdir. Hazırda sərfəli qaynar turlar da təklif olunur.
Digər maraqlı istiqamətlərdən biri Dohadır. Qətərin paytaxtı olan Doha müasir memarlığı, ənənəvi ərəb mədəniyyəti və alış-veriş imkanları ilə diqqət çəkir. Üstəlik, AZAL-ın Bakından Dohaya birbaşa reyslərinin olması bu istiqaməti daha əlverişli edir. Yeni ilə yaxın keçirilən xüsusi tədbirlər və festival proqramları Dohaya olan marağı artırır.
Yeni ilə hazırlıq dövründə Avropa şəhərlərinə də böyük tələbat var. Praqa, Budapeşt və Vyana kimi şəhərlərdə keçirilən Milad yarmarkaları və mövsümə xas bəzədilmiş küçələr turistlərin diqqətini xüsusilə cəlb edir. Avropanın qış ab-havası səyahət sevənlər üçün fərqli seçimlər təqdim edir
“Baku Life Travel” şirkətinin direktoru Məltəm Qədimli:
İllərdir gələn səyahət sorğularına əsasən hamının marağında olan, lakin yüksək qiymət olduğuna və tranzit uçuş olduğu üçün yorucu və gün itirdikləri üçün gedə bilmədikləri istiqamət Maldiv Adaları idi. Hazırda Azal Hava Yolları bir başa uçuşlar həyata keçirildiyi üçün bu qiymətlər əvvələ nisbətən 70% aşağı düşüb. Düşünün ki, əvvəllə 1500usd ilə ən az gün götürüb 3 ulduz otele gedilərdisə, hazırda 400 USD ilə birbaşa uçuşla 5* hoteldə qonaqlama imkanı yaradılıb.
Bu davam etməyəcək sözsüzki. Bir neçə aydan sonra qiymətlər yenə yüksək olacaq.
Hazırda Maldiv Adalarının tanıtımı olduğu üçün qiymətlər çox aşağıdır.
Bu səbəblə illərdir bu sahədə çalışan turizmçi olaraq hər kəsə bu durumdan istifadə edib ucuz qiymətlə bahalı səyahət etməklərini tövsiyyə edirəm. Belə bir şans birdə olmayacaq.