Vüsal Əsgərov yeni yaradılan B2B sistemdən danışdı: ƏLİMİZDƏN GƏLƏNİ EDİRİK

– Əvvəlcə yeni B2B sisteminiz xeyirli-uğurlu olsun. Yeni yaradılmış sistemin əsas funksiyaları və məqsədləri nələrdir?

Təbrikiniz üçün təşəkkür edirəm. Öncəliklə onu qeyd etmək istərdim ki, “SAVTOUR” MMC turizm agentliyi 2016-cı ildən fəaliyyət göstərir və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvüdür. İlk illərdə əsasən getmə turizmlə məşğul olurduq. 2019-cu ildən etibarən gəlmə turizm üzrə departament yaratdıq. Bizim əsas bazarımız hazırda Özbəkistan bazarıdır. Amma irəliləyən vaxtlarda hədəfimiz digər ölkələrdə də gücümüzü artırmaqdır. Hazırda Özbəkistanda biz B2B olaraq fəaliyət göstərməkdəyik və ildən-ilə bizimlə işləyən Özbəkistan turizm agentlərinin sayı artır.
Ölkəmizi və şirkətimizi tanıtmaq üçün ildə ən azı 2 dəfə tədbir keçiririk və Özbəkistanda təşkil olunan turizm sərgilərində iştirak edirik. Onu da vurğulaya bilərəm ki, son illərdə ölkəmizə Özbəkistandan yeterincə qonaq gətirmişik.
Beləliklə, daha operativ xidmət göstərmək üçün yeni B2B sistemi yaratmaq bizim üçün zəruri oldu. Sistemimizdə hazırda yerli hotel rezervasiyaları, Daşkənddən hazır tur paketlər (aviabilet, transfer, hotel daxildir), kombo turlar və ekskuriya turları mövcuddur.
– Bu sistemdən istifadə daha çox kimlər üçün yararlı olacaq?
B2B sistemdən həm də yerli turizm agentlikləri də istifadə edə bilər. Vurğulamalıyam ki, yerli sanatoriya hotellərini bizdən çox sərfəli və uyğun şərtlər ilə əldə edə bilərlər.
Ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq habelə xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək üçün əlimizdən gələni etməkdəyik. Sistemimiz yeni istifadəyə verildiyi üçün hazırda 70% Özbəkistan turizm agentlikləri istifadə edir. Geri qalan istifadəçilər isə yerli şirkətlərdir. Ümid edirəm ki, gələcəkdə istifadə edəcək ölkələrin sayı artacaq.
– Sistemdə yerləşdirilən hotellərin daha çox sanatoriyalardır. Hotel sayını artırmaq fikriniz var?
Sistemdə hazırda Bakı daxil olmaqla 10 bölgəmizin hotelləri mövcutdur. Ən çox üstün göstərdiyimiz bölgə və hotellər isə ölkəmizin prestijli sayılan sanatoriyalarıdır. Bunlar Naftalanda yerləşən “Gashalti Health Hotel”, “Chinar Hotel & Spa” və “Garabag Resort & Spa”, Lənkaranda yerləşən “Lankaran Springs Wellness Resort”, Şabranda isə “Galaalti Hotel & Spa” sanatoriyalarıdır. Zamanla bölgə və hotellərin sayını artırmaqdayıq.
– B2B sistemlə bağlı əlavə edəcəyiniz və gələcəklə bağlı fikirləriniz hansılardır?
İlərləyən zamanda Özbəkistanda yerləşən hotelləri, kombo turları, ekskursiyalı turları sistemimizə əlavə edəcəyik. Bu da Azərbaycanda fəaliyət göstərən şirkətlər üçün əla təklif olacaq.