Türkiyəyə girişdə gömrük qaydaları dəyişib? – ÖZÜMÜZLƏ NƏ APARA BİLƏRİK
Son günlər bəzi KİV-lərdə və sosial media platformalarında Türkiyəyə daxil olan sərnişinlər üçün tətbiq edilən gömrük güzəştlərinin dəyişdirildiyi ilə bağlı yayılan iddialar rəsmi qurum tərəfindən təkzib edilib.
Turizmplus.az xəbər verir ki, Türkiyənin Maliyyə və Xəzinə Nazirliyi məsələ ilə bağlı yaydığı açıqlamada bildirib ki, sərnişinlərin şəxsi istifadəsi üçün ölkəyə gətirdiyi mallara tətbiq olunan gömrük güzəştləri 2009-cu ildə qəbul edilmiş 2009/15481 saylı Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilib və həmin qaydalar bu günədək dəyişdirilmədən qüvvədə qalır.
Nazirliyin məlumatına görə, sərnişinlər şəxsi istifadə məqsədilə 1 kiloqram çay, 1 kiloqram qəhvə, 1 kiloqram həll olunan qəhvə, 1 kiloqram şokolad və 1 kiloqram şəkər məmulatını gömrük rüsumu ödəmədən ölkəyə gətirə bilirlər. Şokolad və şəkər məmulatları üzrə isə ümumi güzəşt limiti 2 kiloqram təşkil edir və bu limit istənilən bir məhsul növü üçün istifadə oluna bilər.
Bitki mənşəli məhsullarla bağlı da mövcud qaydalar qüvvədədir. Belə ki, təzə və ya qurudulmuş meyvə-tərəvəz məhsullarının 3 kiloqrama, digər bitki mənşəli məhsulların isə 1 kiloqrama qədər ölkəyə gətirilməsi gömrük güzəşti çərçivəsində mümkündür. Bu hədləri aşan məhsullar isə kommersiya məqsədli hesab olunur.
Nazirlik həmçinin xatırladıb ki, hər bir sərnişin üçün 430 avroya qədər dəyəri olan əşyalar gömrük rüsumundan azaddır. 15 yaşdan kiçik sərnişinlər üçün bu limit 150 avro təşkil edir.
Dəyəri 1500 avronu keçməyən və kommersiya xarakteri daşımayan mallara isə mənşə ölkəsindən asılı olaraq vahid gömrük vergisi tətbiq edilir. Bu çərçivədə:
- Avropa İttifaqı ölkələrindən birbaşa gətirilən mallar üçün 30 faiz,
- digər ölkələrdən gətirilən mallar üçün 60 faiz,
- Türkiyənin Xüsusi İstehlak Vergisi haqqında Qanunun IV siyahısında yer alan məhsullar üçün isə bu dərəcələrə əlavə olaraq 20 faiz vergi tutulur.
Nazirlik vurğulayıb ki, ictimaiyyətdə yayılan məlumatlar həqiqəti əks etdirmir və sərnişinlərin ölkəyə gətirdiyi mallarla bağlı gömrük güzəştləri və limitlərində son dövrdə heç bir dəyişiklik edilməyib. Buna görə də vətəndaşlara yalnız rəsmi mənbələrə istinad etmələri tövsiyə olunur.

