Saxta “antik amfiteatr” tikdi, 40 avroya bilet satdı, illər sonra həbs edildi
İtaliyada uzun illər “antik Roma teatrı” kimi turistlərə təqdim olunan tikilinin əslində müasir materiallarla inşa edilmiş saxta qurğu olduğu məlum olub.
Turizmplus.az xəbər verir ki, hadisə ölkənin şimal-şərqində yerləşən Viçensa şəhərində baş verib.
Məlumata görə, eramızın 393-cü ildə inşa edildiyi iddia olunan “Berico Maritime Amphitheatre” adlı tikilinin əslində 69 yaşlı Franko Malosso fon Rozenfranz tərəfindən tikildiyi və onun “dünyanın ən qədim və ən böyük amfiteatrlarından biri” olduğu barədə hekayənin də həmin şəxs tərəfindən uydurulduğu müəyyən edilib.
Bildirilir ki, Franko Malosso fon Rozenfranz turistlərə saxta tarixi məlumatlar təqdim edərək onlardan 40 avro məbləğində bələdçilik haqqı alıb. Maraqlıdır ki, Viçensa şəhərinin yerli hakimiyyəti də tikilini həqiqi tarixi abidə hesab edərək onu rəsmi turizm bələdçisinə və mobil tətbiqinə daxil edib.
Məhkəmənin qərarı ilə Franko Malosso fon Rozenfranz qanunsuz tikinti aparmaq və saxta tarixi abidə yaratmaq ittihamları ilə həbs cəzasına məhkum edilib.

