Türkiyə təkcə məşhur kurortları ilə deyil, həm də füsunkar dəniz sahilləri və təbiət guşələri ilə seçilir.
Turizmplus.azxəbər verir ki, firuzəyi suları, sakit atmosferi və möhtəşəm mənzərələri ilə seçilən bu məkanlar tropik adaları xatırladır.
Siyahının ilk sırasında Çanaqqalanın Bozcaada adasında yerləşən Akvaryum dəniz sahili qərarlaşıb. Şəffaf suyu və qızılı qumu ilə tanınan bu məkan günəşin doğuşunu izləmək istəyənlər üçün ideal seçim hesab olunur.
İzmirin Dikili rayonundakı Kalem Adası isə firuzəyi dənizi və tropik ab-havası ilə “Egey dənizinin Maldivləri” kimi tanınır.
Kastamonunun Cide rayonunda yerləşən Gideros dəniz sahili sıx meşələrlə əhatə olunan sakit körfəzi xatırladan mənzərəsi ilə Qara dənizin ən gözəl guşələrindən biri hesab edilir.
İzmirin Alaçatı bölgəsində yerləşən Delikli dəniz sahili ağ əhəngdaşı qayaları və təbii landşaftı ilə diqqət çəkir. Bura xüsusilə düşərgə sevənlər və günbatımı həvəskarları arasında populyardır.
Siyahını Muğlanın Fethiye rayonundakı Kabak dəniz sahili tamamlayır. Hündür dağlarla əhatə olunan bu təbiət guşəsi kütləvi turizmdən uzaq qalaraq öz sakitliyini və təbii gözəlliyini qoruyub saxlayır. Buraya çatmaq bir qədər çətin olsa da, açılan mənzərə ziyarətçiləri valeh edir.

