Rusiyaya girişdə YENİ QAYDALAR tətbiq ediləcək
Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi dekabrın 1-dən əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün biometrik məlumatların toplanmasına başlamağı planlaşdırır.
Turizmplus.az xəbər verir ki, mətbuatda əksini tapan bəzi xəbərlərdə bildirilir ki, “Rəqəmsal İnkişaf Nazirliyi 2024-cü ilin dekabr ayından etibarən bütün əcnəbilərin biometrik məlumatlarını yoxlamaq üçün pilot layihəyə başlamaq qərarına gəldiyi üçün hava limanlarında həm girişdə, həm də çıxışda növbələr uzanacaq”.
Agentliyin xəbərinə görə, pilot layihə sərhəd qapılarında Rusiyaya daxil olan əcnəbilərin biometrik məlumatlarının toplanmasını nəzərdə tutur. Birinci mərhələdə bu tətbiq Moskvanın Şeremetyevo, Domodedovo, Vnukovo və Jukovskiy hava limanlarında həyata keçiriləcək.
Layihənin ikinci mərhələsi 30 iyun 2025-ci il – 30 iyun 2026-cı il tarixləri arasında bütün giriş məntəqələrində həyata keçiriləcək. Rusiyaya vizasız daxil olmaq istəyən əcnəbilər xüsusi ərizə vasitəsilə əvvəlcədən biometrik məlumatlarını təqdim etməli və səfərin məqsədini əks etdirən ərizə təqdim etməlidirlər. Viza ilə daxil olacaq şəxslər mövcud prosedurlara əməl etməyə davam edəcəklər.
Bu qaydalar Belarus vətəndaşlarına, altı yaşınadək uşaqlara, diplomatlara, Rusiyada akkreditə olunmuş beynəlxalq təşkilatların əməkdaşlarına və onların ailə üzvlərinə şamil edilməyəcək. Bundan əlavə, bu yeni tətbiq Rusiya vətəndaşlarına təsir etməyəcək.
Pilot layihə uğurlu olarsa, bu biometrik məlumat toplama sistemi daimi olacaq.