IATA ödəniş müddətini qısaldır; Səyahət agentlikləri ETİRAZ EDİR

Yanvar 13, 2026 12:39 / 270
IATA ödəniş müddətini qısaldır; Səyahət agentlikləri ETİRAZ EDİR
A-
A
A+

Səyahət agentlikləri Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) ödəniş sistemlərində planlaşdırdığı dəyişikliklərə etiraz edirlər. Dünya Səyahət Agentlikləri Birlikləri İttifaqı (WTAAA) aviaşirkətlərin Billing and Settlement Plan (BSP) çərçivəsində səyahət agentlikləri üçün daha qısa və bütün dünyada vahid ödəniş müddətləri tətbiq etmək qərarını tənqid edib.

cbx-add

Turizmplus.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən qərar yalnız aviaşirkət nümayəndələrinin səs verdiyi Passenger Agency Conference iclasında qəbul olunub. Qərara əsasən, bütün BSP bazarlarında yeni ödəniş qaydalarının ən gec 2026-cı ilin ortalarınadək tətbiqi hədəflənir. Bu dəyişiklik indiyədək ölkələrin öz ödəniş vərdişlərinə uyğun formalaşan yerli tətbiqlərin sona çatması deməkdir.

IATA tərəfindən hazırlanmış BSP sistemi, aviabiletlərin satışında aviaşirkətlərlə IATA tərəfindən akkreditə olunmuş səyahət agentlikləri arasında maliyyə hesablaşmasını təmin edir. Mövcud sistemdə agentliklər bilet gəlirlərini toplu şəkildə IATA-ya köçürür, IATA isə bu məbləğləri müvafiq aviaşirkətlərə paylayır. İndiyə qədər ödəniş cədvəlləri və müddətləri ölkələrin maliyyə praktikasına uyğun olaraq yerli razılaşmalarla müəyyən edilirdi.

WTAAA-ya görə, yeni tənzimləmə bu elastikliyi aradan qaldıracaq və səyahət agentliklərinin maliyyə yükünü artıracaq. Xüsusilə korporativ müştərilərdən vəsaiti toplamadan əvvəl aviaşirkətlərə ödəniş etmək məcburiyyətinin agentliklər üçün ciddi likvidlik təzyiqi yaradacağı bildirilir. Uzunmüddətli ödəniş vərdişlərinin mövcud olduğu bazarlarda riskin daha da artacağına diqqət çəkilir.

WTAAA, qlobal qərar mexanizminin yerli balansları nəzərə almadan hərəkət etməsini qəbuledilməz sayır. İttifaq vurğulayır ki, mövcud ödəniş müddətləri ölkələrin ticarət quruluşuna və biznes modellərinə uyğun müəyyən edilib və yeni tətbiq aviaşirkətlərlə səyahət agentlikləri arasındakı əməkdaşlığa zərər vura bilər.

Oxşar xəbərlər