FƏXRİ KONSUL: Vətəndaşlarımız üçün Monteneqroya səfərlərdə hər hansı məhdudiyyət tətbiq olunmur
Son günlər sosial şəbəkələrdə Monteneqroda baş verən bəzi xoşagəlməz hadisələr fonunda Azərbaycan vətəndaşlarının bu ölkəyə səfərlərində məhdudiyyətlərin tətbiq oluna biləcəyi ilə bağlı müxtəlif iddialar yayılıb. Məsələ ilə bağlı Turizmplus.az-a Monteneqronun Azərbaycan Respublikasındakı fəxri konsulu Vüqar Əliyev münasibət bildirib.
Fəxri konsul qeyd edib ki, Azərbaycan vətəndaşlarının Monteneqroya səfərlərinə hər hansı məhdudiyyətin tətbiq olunması barədə rəsmi və ya qeyri-rəsmi məlumat yoxdur.
“Hazırda Monteneqroya səfər edən Azərbaycan vətəndaşları üçün vizasız rejim qüvvədədir və bu istiqamətdə heç bir dəyişiklik edilməyib. Hər iki ölkə arasında diplomatik və dostluq münasibətləri ən yüksək səviyyədədir,” – deyə Vüqar Əliyev bildirib.
O əlavə edib ki, Monteneqro ilə Azərbaycan arasında turizm, mədəniyyət və iqtisadi sahələrdə əməkdaşlıq dinamik şəkildə inkişaf edir:
“Hər iki ölkənin vətəndaşları qarşılıqlı səfərlərdə, investisiya və turizm layihələrində fəal iştirak edirlər. Monteneqro hökuməti Azərbaycanla münasibətlərin daha da genişlənməsində maraqlıdır.”
Sonda Vüqar Əliyev vətəndaşlara səfərlərini planlaşdırarkən yalnız rəsmi mənbələrdən – Xarici İşlər Nazirliyi və səfirliklərin məlumatlarından yararlanmağı tövsiyə edib.

