ATAA sədri Slovakiya səfiri ilə turizm əlaqələrinin inkişafı imkanlarını müzakirə edib
Turizm sahəsində qarşılıqlı maraq doğuran əlaqələrin inkişaf etdirilməsi məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Slovakiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımov arasında baş tutan görüşdə müzakirə olunub.
Təşkilatdan Turizmplus.az saytına verilən məlumata görə, görüşdə Azərbaycan və Slovakiyanın turizm Assosiasiyaları arasında əlaqələrin mövcud vəziyyəti, qarşılıqlı turist axınının artırılması və iki ölkənin turizm potensialının qarşılıqlı şəkildə təbliği ilə bağlı məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Görüşdə çıxış edən Göydəniz Qəhrəmanov ATAA-nın fəaliyyəti, son illərdə Assosiasiya tərəfindən ölkənin müxtəlif turizm istiqamətləri və məhsulları, o cümlədən xarici bazarlarda Azərbaycanın turizm imkanlarının təşviqi ilə bağlı həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib. O, həmçinin beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, yeni istigamətlərə çıxış imkanlarının və xarici ölkələrin turizm Assosiasiyaları ilə ATAA üzvləri arasında birbaşa əlaqələrin qurulmasının vacibliyini diqqətə çatdırıb.
Müzakirələr zamanı səfir Elçin Qasımov Slovakiyanın turizm təkliflərinin ATAA üzvləri üçün yarada biləcəyi imkanlar, eləcə də Azərbaycanın turizm məhsullarının Slovakiyada daha geniş tanıdılması potensialına dair təklif və fikirlərini bölüşüb.
Görüşdə Azərbaycan və Slovakianın turizm Assosiasiyaları arasında B2B görüşlərin keçirilməsi, qarşılıqlı infoturların təşkili və bir-biri ilə birbaşa əlaqələrin genişləndirilməsi də diqqət mərkəzində olub.

