Türkiyənin Antalya hava limanı ərazisində fəaliyyət göstərən T2 terminalının parkinqində minivan tipli nəqliyyat vasitələri üçün yeni qaydalar qüvvəyə minib.
Turizmplus.az xəbər verir ki, qərar TAV Havalimanları və TÜRSAB arasında razılaşma əsasında 12 may tarixindən etibarən tətbiq olunub.
Yeni qaydalara əsasən, “Vito-Transporter” kimi tanınan minivan avtomobillərin T2 parkinqinə girişinə məhdudiyyət qoyulub. Eyni zamanda qısa müddətli gözləmə üçün yüksək tariflərin tətbiqi turizm və nəqliyyat sektorunda ciddi narazılığa səbəb olub.
Tənzimləməyə görə, minivan nəqliyyat vasitələrinə yalnız 0–15 dəqiqəlik pulsuz gözləmə imkanı verilir. 15–30 dəqiqə arası gözləmə üçün 1000 TL, 30–45 dəqiqə üçün 3000 TL, 45–60 dəqiqə üçün isə 5000 TL ödəniş tələb olunur. 60 dəqiqədən artıq parkinqdə qalan avtomobillərə isə 1 həftə müddətinə giriş qadağası tətbiq ediləcək.
Qərarın turizm daşımaları ilə məşğul olan şirkətlər və sürücülər tərəfindən mənfi qarşılandığı bildirilir. Mütəxəssislər hesab edir ki, bu cür sərt məhdudiyyətlər transfer xidmətlərinə və ümumilikdə turizm sektoruna təsir göstərə bilər.

