Rusiyada 2026-cı ilin sentyabr ayından etibarən paket turların satışı ilə bağlı yeni qaydalar qüvvəyə minəcək.
Turizmplus.az xəbər verir ki, yeni tələblərə əsasən, tur operatorları və turizm agentlikləri müştərilərə yalnız hotel, nəqliyyat və qidalanma xidmətləri barədə deyil, həm də səfərə təsir göstərə biləcək bütün vacib məlumatları təqdim etməyə borclu olacaqlar.
Yenilənmiş qaydalara görə, paket tur müqavilələrinə ölkəyə giriş şərtləri, yerli qanunvericilik, mədəni qaydalar və səyahət zamanı yarana biləcək risklər barədə məlumatlar da daxil ediləcək. Bundan əlavə, turizm şirkətləri müştərilərə təqdim etdikləri məlumatları sənədləşdirməli olacaqlar.
Mütəxəssislərin fikrincə, yeni sistem turizm xidmətlərinin daha şəffaf olmasına, istehlakçı hüquqlarının qorunmasına və gələcəkdə müştəri şikayətləri ilə mübahisələrin azalmasına kömək edəcək. Yeni qaydalar həm iri tur operatorlarına, həm də kiçik turizm agentliklərinə şamil olunacaq.