Azərbaycan–Türkiyə turizm əməkdaşlığında yeni mərhələ: Sağlamlıq turizmi ön planda

Fevral 13, 2026 16:06 / 37
Azərbaycan–Türkiyə turizm əməkdaşlığında yeni mərhələ: Sağlamlıq turizmi ön planda
A-
A
A+

Türkiyənin turizm paytaxtlarından biri sayılan İstanbul şəhərində keçirilən dünyanın aparıcı turizm sərgilərindən olan EMITT 2026 Beynəlxalq Turizm Sərgisi çərçivəsində Azərbaycan nümayəndə heyəti fəal və genişmiqyaslı iştirakla diqqət çəkib. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Skal International Baku Club üzvləri Travelshop Turkey şirkətinin təşkilatçılığı ilə keçirilən VİP Hosted Buyer B2B platformasında beynəlxalq turizm sənayesinin aparıcı iştirakçıları ilə intensiv işgüzar görüşlər keçiriblər.

cbx-add

Turizmplus.az xəbər verir ki, görüşlər zamanı turizm agentlikləri, tur operatorları, hotel şəbəkələri və wellness turizmi üzrə ixtisaslaşmış şirkətlərlə Azərbaycanın sağlamlıq, termal və tibbi turizm potensialı, müasir infrastruktur imkanları və gələcək əməkdaşlıq istiqamətləri geniş müzakirə olunub. Tədbir iştirakçıları Azərbaycanın sağlamlıq turizmi üzrə regionda yüksələn və perspektivli istiqamətlərdən biri olduğunu xüsusi vurğulayıblar. VİP Hosted Buyer formatı ölkənin turizm brendinin beynəlxalq platformalarda tanıdılması, yeni tərəfdaşlıqların qurulması və konkret əməkdaşlıq mexanizmlərinin formalaşdırılması baxımından mühüm nəticələr verib.

EMITT sərgisi çərçivəsində başlayan işgüzar əlaqələr Türkiyənin Bursa şəhərində davam etdirilib. Fevralın 9-da təşkil olunan B2B görüşlər Merinos Atatürk Konqres və Mədəniyyət Mərkəzində yerli turizm agentlikləri, hotellər və tibbi turizm sahəsində fəaliyyət göstərən xəstəxanaların iştirakı ilə baş tutub. Görüşlərdə Azərbaycan və Türkiyə arasında turizm əlaqələrinin gücləndirilməsi, sağlamlıq və termal turizm üzrə yeni tərəfdaşlıqların qurulması, qarşılıqlı turist və pasiyent axınının artırılması məsələləri müzakirə edilib. İştirakçılar bu cür platformaların regional və beynəlxalq turizm əməkdaşlıqlarının inkişafında mühüm rol oynadığını qeyd ediblər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Bursada yerləşən Doruk Hospital xəstəxanasına rəsmi tanışlıq ziyarəti də həyata keçirib. Ziyarətin məqsədi sağlamlıq turizmi sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını araşdırmaq, müasir tibbi infrastrukturla yaxından tanış olmaq və gələcək birgə layihələr üçün əlaqələri gücləndirmək olub. Nümayəndələrə xəstəxananın yüksək texnologiyalı diaqnostika və müalicə imkanları, beynəlxalq pasiyentlər üçün təqdim olunan xidmət modeli və ixtisaslaşmış tibbi bölmələr barədə ətraflı məlumat verilib.

Görüşlər zamanı Azərbaycan–Türkiyə arasında sağlamlıq turizmi üzrə əməkdaşlığın genişləndirilməsi, pasiyent axınının təşkili, birgə tanıtım fəaliyyəti və B2B əməkdaşlıq imkanları müzakirə olunub. Azərbaycan nümayəndələri Doruk Sağlamlıq Qrupunun beynəlxalq standartlara uyğun xidmət modelini yüksək qiymətləndiriblər.

Sonda qeyd olunub ki, EMITT 2026 sərgisi çərçivəsində İstanbul və Bursa şəhərlərində keçirilən bu görüşlər Azərbaycanın sağlamlıq və termal turizm sahəsində beynəlxalq mövqeyinin möhkəmlənməsinə, yeni tərəfdaşlıqların qurulmasına və ölkənin turizm strategiyasının qlobal səviyyədə daha effektiv təşviqinə mühüm töhfə verir. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Skal International Baku rəhbərliyi beynəlxalq əməkdaşlıqların genişləndirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyini vurğulayıb.

Oxşar xəbərlər