SEYİDXANIM EMİNLİ: “Maldiv turpaketlərinin qiymətləri kifayət qədər əlçatan və rəqabət qabiliyyətlidir” – MÜSAHİBƏ

Sentyabr 1, 2025 14:05 / 300
SEYİDXANIM EMİNLİ: “Maldiv turpaketlərinin qiymətləri kifayət qədər əlçatan və rəqabət qabiliyyətlidir” – MÜSAHİBƏ
A-
A
A+

Azərbaycan turizm bazarında fəallığı ilə seçilən Kazunion by Rustar şirkəti son dövrlər həm yeni istiqamətlərin təqdimatı, həm də tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi ilə diqqət çəkir.

cbx-add

Turizmplus.az xəbər verir ki, xüsusilə Maldiv istiqamətində paket turların satışa çıxarılması turizm sektorunda maraqla qarşılanıb. Şirkətin gələcək planları, qiymət siyasəti və bazar strategiyası barədə suallarımızı Kazunion by Rustar tur-operatorunun Baş direktoru Seyidxanım Eminli cavablandırdı.

Kazunion by Rustar Maldiv istiqamətində tur paketlərin satışına başlayır. Qiymət siyasəti və daxil olan xidmətlər barədə məlumat verə bilərsinizmi?

İlkin mərhələdə satışlarımızın əsas strategiyası məhsulun hədəf auditoriya arasında tanıdılmasıdır. Buna görə də hazırkı satışlar daha çox tanıtım və məlumatlandırma xarakteri daşıyır və kommersiya yönümlü deyil.

Kazunion Touroperator və Rustar DMC Maldives, Rustar Group holdinqinə daxil olduğundan tərəfdaşlarımız üçün qiymətlər kifayət qədər əlçatan və rəqabət qabiliyyətlidir. İstiqamətin ekzotikliyi nəzərə alındıqda bu, xüsusi üstünlük yaradır.

Təklif olunan paketlər bütün yerüstü xidmətlərini əhatə edir, o cümlədən:

  • müxtəlif kateqoriyalı otellərdə yerləşmə;

  • bütün növ transferlər (müntəzəm və fərdi, o cümlədən sürətli kater və hidroplanlar);

  • tibbi sığorta.

Ötən il bu turlara maraq hansı səviyyədə oldu və bu ildən gözləntiləriniz nələrdir?

Ötən il satışların yeni başladığı dövrdə bazar hələ bu istiqamət üzrə kifayət qədər bilik və təcrübəyə malik deyildi. Azərbaycan Hava Yolları ilə birgə iki info-tur qrupu və bir bloq-tur təşkil olundu, həmçinin bir sıra maarifləndirici vebinarlara start verildi. Nəticədə istiqamətə maraq artdı, dayanıqlı tələbat formalaşdı və müəyyən dərəcədə ajiotaj yarandı.

Bu il vəziyyət daha da yaxşılaşıb. AZAL-ın reyslərin sayını üçə çatdırması müxtəlif gecə sayı üzrə daha çevik tur paketləri hazırlamaq üçün geniş imkanlar yaradır. Gözləntimiz odur ki, yeni mövsümdə satış həcmi ötən illə müqayisədə ən azı iki dəfə artsın.

Maldiv paketləri ilə yanaşı, Kazunion by Rustar yaxın gələcəkdə hansı digər istiqamətləri və yenilikləri planlaşdırır?

Kazunion Touroperator olaraq hər zaman yeni istiqamətlərin üfüqlərini açmağa və tərəfdaşlarımızla müştərilərimiz üçün imkanları genişləndirməyə çalışırıq. Hazırda aviaşirkətlər və çarter daşıyıcıları ilə aktiv danışıqlar aparırıq. Lakin planlaşdırılan məhsullar və istiqamətlər barədə detalları vaxtından əvvəl açıqlamaq düzgün olmazdı. Bu səbəbdən hazırda məlumatlar konfidensial xarakter daşıyır.

Şirkətin uzunmüddətli hədəfləri və gələcək planları hansılardır? 

Kazunion Touroperator qısa müddət ərzində yerli agentlərin etimadını qazanmağı bacardı ki, bu da bazara daxil olarkən əsas məqsədlərimizdən biri idi.

Gələcəkdə biz yalnız xidmətlərimizin yüksək keyfiyyətini qorumağı deyil, həm də onları daim təkmilləşdirməyi, müasir texnoloji həlləri tətbiq etməyi, turizm məhsullarımızın çeşidini genişləndirməyi və yeni istiqamətlər açmağı planlaşdırırıq.

Bizim strategiyamız tərəfdaşlarla uzunmüddətli əməkdaşlıq, unikal turizm təkliflərinə davamlı tələbin formalaşdırılması və Kazunion by Rustar brendinin regionda etibarlı, innovativ tur-operator kimi mövqelərinin möhkəmləndirilməsinə əsaslanır.

Oxşar xəbərlər