ATAA SƏDRİ: Son illər qeyri-sağlam rəqabət aparan şirkətlər artıb
“Təəssüf ki, son illər qeyri-sağlam rəqabət göstərən, vergidən yayınan, bəzən qeydiyyat ünvanları belə məlum olmayan turizm şirkətlərinin artır ki, bu da öz növbəsində dövlətin bütün normativ hüquqi tələblərinə, qanunlarına riayət edən şirkətlərin fəaliyyətinə mənfi təsir göstərir”.
Turizmplus.az ATAA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilə turizm sahəsində sağlam rəqabətin qorunması və turizm xidmətləri göstərən xarici onlayn platformaların Azərbaycanda fəaliyyəti ilə bağlı məsələlərin müzakirə olunduğu görüşdə səsləndirib.
Görüşdə çıxış edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli turizm sahəsində yeni standartların formalaşdırılmasının və mövcud standartlara riayət olunmasının vacibliyini qeyd edib. O bütün turizm sənayesi nümayəndələrinə qüvvədə olan “Turizm haqqında” Qanunda irəli gələn müddəalara əməl edilməsinin zəruriliyini diqqətə çatdırıb. Məmməd Abbasbəyli Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə vətəndaşlar tərəfindən turizm sahəsi ilə əlaqədar daxil olan şikayətlərin hər zaman araşdırıldığını, qanunla nəzərdə tutulan qaydada tədbir görüldüyünü və bundan sonra da lazımi addımların atılacağını bildirib.
Görüşdə həmçinin turizm sahəsində xidmət keyfiyyətinin artırılması, müştəri məmnunluğunun təmin olunması, turizm şirkətlərinin üzərinə düşən öhdəlikləri yerinə yetirməsi, hotellərdə həyata keçirilən rezervasiya proseslərində cərimələrin tətbiqində yaşanan problemlər, o cümlədən Azərbaycanda fəaliyyət göstərən xarici hava yollarının nümayəndəlikləri ilə turizm şirkətləri arasında əməkdaşlıq əlaqələrinin qurulması, yaşanan bir sıra çətinliklər və həlli yollarına dair fikir mübadiləsi aparılıb.