Avropa İttifaqı Rusiya vətəndaşlarına turist vizalarının verilməsi qaydalarını sərtləşdirir
Avropa Komissiyası Rusiya vətəndaşlarına turist vizalarının verilməsi ilə bağlı yeni, daha sərt təlimatlar qəbul edib.
Turizmplus.az xəbər verir ki, noyabrın 23-də açıqlanan yeni təlimatlar Avropa İttifaqının Rusiyaya qarşı 22-ci sanksiyalar paketi üzrə təklifləri ilə birlikdə təqdim olunub.
Yeni təlimatlara əsasən, Avropa İttifaqına üzv dövlətlərə Rusiya vətəndaşlarının turizm məqsədli viza müraciətlərinə daha sərt yanaşmaq, həmçinin biometrik olmayan xarici pasportları tanımamaq tövsiyə edilib.
CƏMİ 300 AZN-ə 12 AYLIQ MEDİA TƏRƏFDAŞLIĞI – Turizmplus.az-da yeni proqram
Bununla yanaşı, Şengen zonasına daxil olmaq istəyən Rusiya vətəndaşlarının hansı ölkədən gəlməsindən asılı olmayaraq, sərhəd-keçid məntəqələrində daha ciddi fərdi yoxlamalardan keçirilməsi nəzərdə tutulur.
Avropa Komissiyası yeni məhdudiyyətlərin tətbiqini təhlükəsizlik risklərinin artması ilə əlaqələndirib.
Qeyd edək ki, 2025-ci ilin noyabrında Rusiya vətəndaşlarına çoxgirişli Şengen vizalarının verilməsi də ciddi şəkildə məhdudlaşdırılmışdı. Həmin qaydalara əsasən, müəyyən istisnalar xaricində Rusiya vətəndaşları hər yeni səfər üçün ayrıca viza müraciəti etməlidirlər.
Hazırda isə Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin tamamilə dayandırılması ilə bağlı ümumavropa qərarı qəbul edilməyib.

