Avropaya səyahət etmək istəyən turistlərə xəbərdarlıq: Saxta ETIAS saytlarına diqqət!

Noyabr 6, 2026 11:34 / 30
Avropaya səyahət etmək istəyən turistlərə xəbərdarlıq: Saxta ETIAS saytlarına diqqət!
A-
A
A+

Avropaya səyahət etməyi planlaşdıran turistlər saxta ETIAS internet saytlarının hədəfinə çevrilir. Avropa İttifaqının sərhəd agentliyi Frontex bu sistemin rəsmi müraciət platforması kimi təqdim olunan çoxsaylı saxta internet səhifələri barədə xəbərdarlıq edib. Həmin saytlarda turistlərdən səyahət icazəsi almaq adı ilə ödəniş tələb olunur.

cbx-add

Turizmplus.az xəbər verir ki, 2026-cı ilin oktyabrında yayılan məlumatlara əsasən, Frontex 100-dən çox qeyri-rəsmi internet səhifəsi aşkarlayıb. Bu platformaların bəziləri özlərini rəsmi müraciət portalı kimi təqdim edir, bəziləri isə turistlərdən xidmət haqqı adı ilə yüksək məbləğlər alır. Nəticədə səyahətçilər həm maddi zərərə uğraya, həm də şəxsi və bank məlumatlarını dələduzlara ötürə bilərlər.

Qeyd edək ki, ETIAS (European Travel Information and Authorisation System) Avropa İttifaqının vizasız rejimdən istifadə edən üçüncü ölkə vətəndaşları üçün nəzərdə tutduğu elektron səyahət icazəsi sistemidir. Bu sistem Şengen zonasına daxil olan ölkələrə qısamüddətli səfərlərdən əvvəl elektron qaydada icazə alınmasını nəzərdə tutur.

Lakin 6 noyabr 2026-cı il tarixinə ETIAS sistemi hələ fəaliyyətə başlamayıb və rəsmi müraciətlərin qəbulu açılmayıb. Buna görə də hazırda ETIAS adı ilə ödəniş tələb edən internet səhifələrinə etibar etmək olmaz.

Turistlərə yalnız Avropa İttifaqının rəsmi internet resurslarından istifadə etmək tövsiyə olunur. Sistemin fəaliyyətə başlaması ilə bağlı məlumatlar və müraciət prosedurları Avropa Komissiyasının rəsmi portalında dərc ediləcək.

Mütəxəssislər səyahətçilərə internetdə reklam olunan vasitəçi xidmətlərə ehtiyatla yanaşmağı, pasport məlumatlarını və bank kartı rekvizitlərini naməlum platformalarda paylaşmamağı tövsiyə edirlər.

Oxşar xəbərlər