Yaponiyada xarici turistlər üçün vergisiz alış-veriş qaydaları dəyişib

Noyabr 6, 2026 11:07 / 31
Yaponiyada xarici turistlər üçün vergisiz alış-veriş qaydaları dəyişib
A-
A
A+

Yaponiya 1 noyabr 2026-cı il tarixindən etibarən xarici turistlər üçün Tax-Free alış-veriş sistemində yeni qaydaları tətbiq etməyə başlayıb. Dəyişikliyə əsasən, turistlər artıq mağazalarda məhsulları vergisiz qiymətə deyil, istehlak vergisi daxil olmaqla alacaq, ödədikləri vergi məbləğini isə ölkədən çıxarkən geri ala biləcəklər.

cbx-add

Turizmplus.az xəbər verir ki, yeni sistemə əsasən, turistlər alış-veriş zamanı pasportlarını təqdim etməklə müvafiq prosedurları tamamlamalı, Yaponiyanı tərk edərkən isə aldıqları məhsulları gömrük yoxlamasından keçirməlidirlər. Verginin geri qaytarılması üçün alış-veriş tarixindən etibarən 90 gün ərzində ölkədən çıxış zamanı müvafiq təsdiq alınmalıdır.

Yeni qaydalara əsasən, bir mağazada eyni gün ərzində vergisiz alış-veriş üçün minimum məbləğ 5000 yen olaraq saxlanılıb. Ərzaq, içki və kosmetika kimi istehlak məhsulları üzrə əvvəlki xüsusi qablaşdırma tələbi isə ləğv edilib. Bununla belə, həmin məhsullar Yaponiyanı tərk etməzdən əvvəl istifadə olunarsa, vergi geri qaytarılmayacaq.

Turistlər verginin geri qaytarılması prosedurunu hava limanlarında və dəniz limanlarında quraşdırılmış xüsusi terminallar vasitəsilə həyata keçirə biləcəklər. Narita, Haneda, Kansai və digər böyük beynəlxalq hava limanlarında bu prosesi Visit Japan Web platforması üzərindən onlayn tamamlamaq imkanı da yaradılıb.

Qeyd edək ki, yeni sistem Yaponiyaya səfər edən xarici turistlərin alış-veriş prosedurlarını dəyişməklə yanaşı, ölkədən çıxış zamanı hava limanlarında əlavə vaxt nəzərə alınmasını da zəruri edir. Bu səbəbdən turistlərə uçuşdan əvvəl vergi qaytarılması prosedurlarını tamamlamaq üçün kifayət qədər vaxt ayırmaq tövsiyə olunur.

Oxşar xəbərlər