Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) da turizm sektoruna təsirsiz ötüşməyəcək.
Turizmplus.az beynəlxalq tədbirin Azərbaycan turizminin inkişafı naminə əhəmiyyəti və təsirləri barədə “Yes Travel” şirkətinin rəhbəri Üzeyir Bağırlı ilə danışıb.
– COP29 kimi beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkə turizminə nə vəd edir?
– COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq səviyyədə tanınmasını gücləndirəcək. Bu cür tədbirlər ölkənin imicini yüksəldir və turistlərin diqqətini Azərbaycana yönəldir. Bundan əlavə, belə tədbirlərin keçirilməsi turizm infrastrukturunun inkişafına da təsir göstərir – otellər, nəqliyyat, xidmət sektoru daha müasir standartlara uyğunlaşır. Tədbir zamanı həmçinin ekoloji mövzuların müzakirə edilməsi, ölkəmizdə ekoturizmin və davamlı turizmin inkişafına da müsbət təsir edəcək.
– Ekoloji turizm Azərbaycanda nə qədər əhəmiyyətlidir?
– Ekoturizm dünyada turizm növləri arasında önəmli yer tutur, və Azərbaycanın zəngin təbiəti bu sahədə böyük potensiala malikdir. Ekoturizm, təbii resursların qorunmasını təşviq etməklə yanaşı, yerli icmalara iqtisadi fayda gətirir. Azərbaycanın milli parkları və təbii qorunma zonaları turistlərin diqqətini çəkir və bu turizm növü kənd yerlərinin inkişafına böyük töhfə verə bilər.
Qarabağ və Şərqi Zəngəzurda dövlətimiz tərəfindən “yaşıl enerji” zonası elan edilib. Bu addımlar işğaldan azad olunmuş rayonlarımızda turizmin inkişafı üçün nə dərəcədə əhəmiyyətlidir?
– Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonalarının yaradılması turizmin inkişafı üçün çox əhəmiyyətli bir addımdır. Birincisi, bu ərazilərdə təbii mühitin qorunması və bərpası ekoturizmin inkişafını dəstəkləyəcək. Turistlər üçün təmiz, ekoloji cəhətdən dayanıqlı və təbii gözəlliklərlə zəngin məkanlar daha cəlbedici olur.
İkincisi, yaşıl enerji bölgələri həm də innovativ və müasir texnologiyaların tətbiqi deməkdir. Bu, bölgələrə yeni turizm konseptlərinin gətirilməsinə imkan verir, məsələn, yaşıl enerji bazlı turizm infrastrukturu (ekoloji otellər, dayanıqlı nəqliyyat və s.). Belə yanaşma həm beynəlxalq, həm də yerli turistləri cəlb edə bilər, çünki səyahətçilər artıq daha çox ekoloji və sosial məsuliyyətli turizmə üstünlük verirlər.
Üçüncüsü, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası çərçivəsində yaradılan bu enerji zonaları bölgənin inkişafına təkan verəcək, yeni iş yerləri açılacaq və yerli iqtisadiyyatı gücləndirəcək. Bu isə turizm sektorunun uzunmüddətli və davamlı inkişafına şərait yaradacaq.