Şuşada beynəlxalq qastronomiya günü keçirilib – FOTOLAR
Sentyabr 6, 2024 17:24 / 110
A-
A
A+
Dövlət Turizm Agentliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə sentyabrın 6-da Şuşa şəhərində beynəlxalq qastronomiya günü keçirilib.
DTA-dan Turizmplus.az saytına verilən məlumata görə, beynəlxalq qastronomiya günündə Azərbaycanla birlikdə İslam ölkələri arasında əsas hədəf turizm bazarları hesab olunan Türkiyə, Özbəkistan, Pakistan, Səudiyyə Ərəbistanı və İran kimi ölkələrdən olan kulinariya nümayəndələri təmsil olunublar.
Tədbir çərçivəsində iştirakçı ölkələrin ekspertlərinin iştirakı ilə keçirilən dəyirmi masada dünyada halal qida üzrə ixtisaslaşmış destinasiyaların təcrübəsinin öyrənilməsi, İslam dininin qastronomiya mədəniyyətində rolu və perspektivlərin müzakirəsi üzrə təqdimatlar nümayiş etdirilib və fikir mübadiləsi aparılıb.
Qastronomiya gününün ikinci hissəsində açıq hava altında yaradılan çadır stendlərində Azərbaycan, İran, Türkiyə və Özbəkistanın birgə “İftar və onunla bağlı sosial-mədəni ənənələr” adlı UNESCO-nun Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilən çoxmillətli nominasiyasına uyğun olaraq ortaq iftar süfrəsini əks etdirən yeməklər əsasında dequstasiya keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova iştirak ediblər.
Tədbir çərçivəsində, həmçinin Qarabağ və Şərqi Zəngəzur regionlarının qastronomiya və maddi-mədəni irs nümunələrindən tərtib edilmiş milli turizm brendi linzalarının sərgisi təşkil olunub. Eləcə də UNESCO-nun Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilmiş əlyazmalar, xəttarlıq mətnləri, dini mətnlər və miniatürlərdə tətbiq edilən çoxəsrlik dekorativ sənət – “Təzhib sənəti” üzrə irs nümunələri ziyarətçilərə nümayiş etdirilib.
Qeyd edək ki, beynəlxalq qastronomiya günü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 yanvar 2024-cü il tarixli Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planından irəli gələn fəaliyyətlərin icrası üzrə təşkil edilib.