Şuşa İƏT-in turizm paytaxtı olaraq qastronomiya tədbirinə ev sahibliyi edib

Aprel 28, 2026 16:10 / 4
Şuşa İƏT-in turizm paytaxtı olaraq qastronomiya tədbirinə ev sahibliyi edib
A-
A
A+

Aprelin 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının və Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə Şuşa şəhərində “Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbiri çərçivəsində Qastronomiya günü təşkil olunub.

cbx-add

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qeyd edib ki, bu cür tədbirlər yalnız müxtəlif mətbəxlərin təqdimatı ilə məhdudlaşmır, eyni zamanda insanlar arasında əlaqələrin qurulmasına və inkişafına xidmət edir.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında qeyd edib ki, Şuşada qastronomiya tədbirlərinin təşkili artıq ənənəvi xarakter alıb və bu cür təşəbbüslər həm milli mətbəxin təbliğinə, həm də ölkənin zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.

Azərbaycanın zəngin və qədim mətbəx ənənələrinə, eləcə də qastroturizmin inkişafı üçün geniş potensiala sahib olduğunu bildirən Fuad Nağıyev bu turizm növünün inkişaf etdirilməsinin Dövlət Turizm Agentliyinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.

İƏT-in Baş Katibi Əsəs Məcid Xan təşkilatın 2026-cı il üçün paytaxtı seçilən Şuşada keçirilən qastronomiya gününün üzv ölkələrin zəngin kulinariya irsinin və mədəni müxtəlifliyinin parlaq nümayişi olduğu bildirib. O, bu cür təşəbbüslərin İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında turizm, mədəniyyət və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.

Tədbir çərçivəsində Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, İran və Əfqanıstanın açıq hava şəraitində qurulmuş stendlərində həmin ölkələrin qastronomiya mütəxəssisləri tərəfindən hazırlanmış, destinasiyaların qastroturizm potensialını əks etdirən əsas kulinariya nümunələri nümayiş etdirilib.

Stendlərdə hər bir ölkənin özünəməxsus qastronomiya nümunələri hazırlanaraq dequstasiya üçün ziyarətçilərə təqdim olunub.

Tədbir müddətində xanəndələrin ifaları, rəqs nömrələri nümayiş etdirilib, həmçinin konsert proqramı da təşkil olunub.

Oxşar xəbərlər