Avropa Birliyinin tətbiq etdiyi yeni biometrik sərhəd nəzarəti sistemi hava limanlarında uzun növbələrlə bağlı narahatlıqları artırıb. Xüsusilə intensiv səyahət dövrlərində pasport nəzarətində saatlarla davam edən gecikmələr müşahidə olunur. Sektor nümayəndələri xəbərdarlıq edir ki, yay aylarında əlavə tədbirlər görülməzsə, növbələrin müddəti 5–6 saata qədər uzana bilər.
Turizmplus.az xəbər verir ki, Yeni Rəqəmsal Giriş-Çıxış Sistemi (EES) çərçivəsində Şengen zonasına daxil olan Aİ-dən kənar sərnişinlərin barmaq izləri və fotoşəkilləri qeydə alınır, pasport məlumatları isə rəqəmsal bazaya ötürülür. Oktyabr ayında mərhələli şəkildə tətbiqinə başlanılan sistem hazırda sərhəd-keçid məntəqələrinin təxminən yarısında istifadə olunur.
Son günlər Cenevrə və Tenerife hava limanlarında yaranan sıxlıq sosial şəbəkələrdə də geniş müzakirə olunub. Cenevrədə pasport nəzarətində növbələr 3 saata qədər uzanıb, Tenerife-də isə bəzi sərnişinlərin sərhəd prosedurları 1,5–2 saat davam edib. Rəsmi qurumlar bildirir ki, pik saatlarda sistemin yavaş işləməsi və texniki nasazlıqlar gecikmələri artırır.
Avropanın hava limanlarını təmsil edən Airports Council International Europe təşkilatı qeyd edir ki, yeni sistem sərhəd keçidi zamanı prosedur müddətini 4–5 dəfə artırıb. Ən böyük risklər kimi kadr çatışmazlığı və texniki problemlər göstərilir. Paskalya və yay turizm mövsümündə vəziyyətin daha da çətinləşə biləcəyi vurğulanır.
Avropa Komissiyası isə EES sistemi üzrə indiyədək 23 milyon giriş-çıxış qeydiyyatının aparıldığını və genişmiqyaslı problem olmadığını bildirir. Bununla belə, sıxlıq kritik həddə çatarsa, üzv ölkələrə yay aylarında sistemi müvəqqəti dayandırmaq səlahiyyəti verildiyi qeyd olunur.
Turizm sektoru nümayəndələri və mütəxəssislər yaxın aylarda Avropaya səyahət etməyi planlaşdıran sərnişinlərə uzun gözləmə müddətlərinə hazır olmağı tövsiyə edir.

