Milli Məclis bu şəhərdə Azərbaycan səfirliyinin təsis edilməsini təsdiqləyib
Milli Məclis Azərbaycanın Portuqaliyada səfirliyinin təsis edilməsini təsdiqləyib.
Turizmplus.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı məsələ parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən səfirlik Lissabon şəhərində yerləşəcək.
Milli Məclisin deputatı Samir Vəliyev bildirib ki, Azərbaycanla Portuqaliya münasibətləri dostluq əlaqələri üzərində qurulub:
“Azərbaycanın Lissabonda səfirliyinin açılması iki ölkə arasında əlaqələrə ciddi töhfələr verəcək. Bu eyni zamanda parlamentlərarası münasibətə də təkan verəcək”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da iki ölkə arasında münasibətlərin yaxşı olduğunu deyib:
“Bu yaxınlarda Portuqaliyanın da Azərbaycanda səfirliyi fəaliyyətə başlayacaq”.
Müzakirələrdən sonra layihə bir oxunuşda qəbul edilib.
Qeyd edək ki, Portuqaliya Prezidenti Antoniu Joze Sequru iyunun 5-də azərbaycanlı həmkarı İlham Əliyevə ünvanlandığı təbrik məktubunda Bakıda və Azərbaycanın Lissabonda səfirliyinin açılmasını iki tərəfli əlaqələrin inkişafına töhfə verəcəyini vurğulamışdı.

