USD 1.7
25 °C

GÖYDƏNİZ QƏHRƏMANOV: Qarabağ gələcəyin vəd etdiyi turizm məkanına çevrilir

May 28, 2025 15:53 / 376
GÖYDƏNİZ QƏHRƏMANOV: Qarabağ gələcəyin vəd etdiyi turizm məkanına çevrilir
A-
A
A+

Azərbaycan Respublikasının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər yalnız ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmədi, eyni zamanda bölgənin iqtisadi, sosial və mədəni dirçəlişinə geniş perspektivlər açdı. Bu baxımdan, Qarabağın turizm potensialı strateji əhəmiyyət daşıyır və regionun inkişafında mühüm rol oynayacaq əsas istiqamətlərdən biri kimi önə çıxır.

cbx-add

Mayın 27-də Prezident İlham Əliyevin iştirakı ilə Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışı reallaşdı. Əsrarəngiz dağ mənzərələri və təmiz iqlimi ilə seçilən Laçın artıq müasir istirahət infrastrukturu ilə də fərqlənir. Kompleksin 11.2 hektarlıq ərazidə yerləşməsi, 120 otaqlı otel binası və 8 kottecdən ibarət olması, eyni anda 324 nəfərin qəbul imkanları ilə bölgədə yüksək səviyyəli turizm xidmətlərinə start verir. Ən önəmlisi, bu obyekt yalnız istirahət deyil, eyni zamanda konfrans və tədbir turizminin inkişafına da şərait açır. Kompleksdə 174 nəfərin, o cümlədən Laçın, Kəlbəcər və ətraf bölgələrdən olan 122 nəfərin işlə təmin olunması bölgənin sosial-iqtisadi inkişafına real töhfədir.

Mayın 28-də – Azərbaycanın Müstəqillik Günündə, Laçın Beynəlxalq Hava Limanının təntənəli açılışı keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu mühüm hadisədə iştirak etdilər. Hava limanı mürəkkəb dağlıq relyefdə – Qorçu kəndində, dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir və Azərbaycanın ən yüksəkdə yerləşən hava limanıdır. Laçın şəhərindən 30 km, Şuşadan 70 km, Kəlbəcərdən isə 60 km məsafədə yerləşən bu hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq.

Bu hava limanı Azərbaycanın ümumilikdə doqquzuncu beynəlxalq hava limanı olmaqla yanaşı, işğaldan azad edilən ərazilərdə üçüncü beynəlxalq aeroportun istifadəyə verilməsi kimi strateji əhəmiyyət daşıyır. Füzuli və Zəngilan hava limanları ilə birlikdə Laçın Hava Limanı bölgədə turizmin, ticarətin və sərmayələrin sürətli inkişafına real zəmin yaradır. Hava limanının mövcudluğu Laçın və ətraf əraziləri beynəlxalq turizm üçün əlçatan edir. Bu isə gələcəkdə bölgədə otelçilik, bələdçilik, nəqliyyat, kənd turizmi, dağ yürüşləri və ekoturizm üzrə yeni xidmət zəncirinin formalaşmasına şərait yaradacaq.

Qarabağ gələcəyin vəd etdiyi turizm məkanına çevrilməkdədir. Dövlətimizin başçısının siyasi iradəsi və strateji baxışı sayəsində bu regionda dayanıqlı inkişaf modelinin təməli qoyulur.

Oxşar xəbərlər