GÖYDƏNİZ QƏHRƏMANOV: ““Baku Resort & Spa” Azərbaycan və Qırğızıstan arasında turizm əlaqələrinin inkişafına mühüm töhfə verəcək”
“İyulun 31-də Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu “Baku Resort & Spa” mehmanxanasının açılışı mühüm və əlamətdar hadisə kimi yadda qaldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın, eləcə də Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Türkmənistanın dövlət başçılarının iştirak etdiyi açılış mərasimi layihənin beynəlxalq və regional əhəmiyyətini bir daha nümayiş etdirdi”.
Turizmplus.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov qeyd edib.
“Bu layihə, eyni zamanda, Azərbaycan ilə Qırğızıstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi müstəvidə də uğurla inkişaf etdiyinin göstəricisidir. Turizm xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı səfərlərin artırılması və mədəni dəyərlərin tanıdılması baxımından mühüm vasitədir.
İssık-Kul kimi beynəlxalq səviyyədə tanınan turizm məkanında Bakı adını daşıyan beşulduzlu mehmanxananın fəaliyyətə başlaması ölkəmizin turizm brendinin beynəlxalq arenada tanıdılması baxımından da xüsusi əhəmiyyət daşıyır.
Əminəm ki, “Baku Resort & Spa” Azərbaycan və Qırğızıstan arasında turizm əlaqələrinin inkişafına, qarşılıqlı turist axınının artmasına və iki ölkə arasında turizm istiqamətində əməkdaşlıqın genişlənməsinə mühüm töhfə verəcək.
Bu layihənin ərsəyə gəlməsi Azərbaycan-Qırğızıstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafının bir nümunəsidir”, – deyə Göydəniz Qəhrəmanov bildirib.

