Cənubi Koreyanın Kyonqido əyaləti Bakıda tibbi turizm üzrə biznes forum keçirib – FOTO + VİDEO

Oktyabr 29, 2026 15:00 / 80
Cənubi Koreyanın Kyonqido əyaləti Bakıda tibbi turizm üzrə biznes forum keçirib – FOTO + VİDEO
A-
A
A+

Cənubi Koreyanın Kyonqido əyaləti ilə Azərbaycan arasında səhiyyə və tibbi turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakıda biznes forum təşkil olunub.

cbx-add

Turizmplus.az xəbər verir ki, 21 oktyabr 2026-cı il tarixində Hilton Baku hotelində keçirilən tədbirdə Kyonqido əyalətinin aparıcı tibb müəssisələri, Kyonqido Beynəlxalq Tibbi Əməkdaşlıq Assosiasiyası (GIMA) və Kyonqido Turizm Təşkilatı (GTO) iştirak ediblər.

Forumda Soonchunhyang Universitetinin Buçon Xəstəxanası, Gangnam Qadın Xəstəxanası, Sejong Xəstəxanası, Bundang Jesaeng Xəstəxanası, G SAM Xəstəxanası, eləcə də tibbi turizm və fərdi səyahət xidmətləri üzrə ixtisaslaşmış Lou & Co. şirkəti təmsil olunub.

Tədbir Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kang Kymgunun çıxışı ilə açılıb. Daha sonra Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının getmə komitəsinin sədri Aida Əliyeva və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ceyhun Aşurov çıxış edərək iki ölkə arasında səhiyyə və turizm sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıblar.

Biznes forumda Azərbaycan tərəfdən tibbi turizm istiqamətində fəaliyyət göstərən və Cənubi Koreyaya tibbi səfərlərin təşkilində maraqlı olan 30-a yaxın turizm şirkətinin nümayəndələri iştirak ediblər. Görüşlər çərçivəsində Koreya tibb müəssisələrinin nümayəndələri ilə ikitərəfli danışıqlar aparılıb, yeni tərəfdaşlıq əlaqələrinin qurulması imkanları müzakirə olunub.

Forumda tibbi müayinələri, müalicə xidmətlərini və Koreyanın turizm imkanlarını birləşdirən səyahət paketlərinə, eləcə də sağlamlıq və istirahət turizminə (wellness tourism) xüsusi maraq göstərilib. Bu istiqamətə marağın artmasında Koreya mədəniyyətinin (K-culture) Azərbaycanda populyarlığının da rol oynadığı qeyd edilib.

VİDEONU İZLƏMƏK ÜÇÜN KLİKLƏYİN

Kyonqido əyalətinin tibb müəssisələrinin birgə iştirakı ilə Azərbaycanda ilk dəfə təşkil olunan tibbi turizm biznes forumunun nəticələri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hesab olunur. Əyalət gələcəkdə Azərbaycanla tərəfdaşlıq şəbəkəsini genişləndirməyi, müntəzəm peşəkar mübadilələri inkişaf etdirməyi və konkret kommersiya nəticələrinə yönəlmiş birgə təşəbbüsləri davam etdirməyi planlaşdırır.

Oxşar xəbərlər