Azərbaycan və Banqladeş arasında viza rejimi ilə bağlı saziş imzalanıb
Azərbaycan və Banqladeş arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri üçün viza tələbinin aradan qaldırılmasını nəzərdə tutan saziş imzalanıb.
Turizmplus.az xəbər verir ki, sənəd Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman tərəfindən BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində imzalanıb.
Sazişin rəsmi təmasların genişləndirilməsinə və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfə verəcəyi bildirilib.
İmzalanma mərasimindən sonra nazirlər Azərbaycan–Banqladeş münasibətlərinin hazırkı vəziyyətini və gələcək perspektivlərini müzakirə ediblər. Görüşdə siyasi dialoqun gücləndirilməsi, ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi, həmçinin təhsil və humanitar sahələrdə əlaqələrin inkişafı məsələləri diqqət mərkəzində olub.

