GÖYDƏNİZ QƏHRƏMANOV: Yeni Dövlət Proqramı Azərbaycanı beynəlxalq turizm xəritəsində daha güclü mövqeyə çıxaracaq

Avqust 21, 2026 17:58 / 337
GÖYDƏNİZ QƏHRƏMANOV: Yeni Dövlət Proqramı Azərbaycanı beynəlxalq turizm xəritəsində daha güclü mövqeyə çıxaracaq
A-
A
A+

“Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının təsdiq edilməsi ölkəmizin turizm siyasətində yeni mərhələnin başlanğıcıdır”.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov qeyd edib.

“Bu sənəd turizm sektorunun inkişafına və eyni zamanda turizmi iqtisadiyyatın şaxələndirilməsi, regionların inkişafı, yeni iş yerlərinin yaradılması, sahibkarlığın genişləndirilməsi və Azərbaycanın beynəlxalq tanıdılması baxımından mühüm strateji istiqamət kimi müəyyənləşdirir.

Qarşıya qoyulan hədəflər də kifayət qədər iddialıdır. 2030-cu ilədək Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayının 3,8 milyon nəfərə, hotellərdə gecələmələrin 6,3 milyona çatdırılması nəzərdə tutulur.

Burada əsas məsələ turist sayını artırmaqla yanaşı ölkəyə gələn turistin Azərbaycanda daha çox qalması, daha çox xidmətlərdən istifadə etməsi və turizmdən əldə olunan iqtisadi gəlirin regionlara daha geniş yayılmasıdır.

Azərbaycanın turizm potensialı bunun üçün kifayət qədər böyükdür. Bakı ilə yanaşı, Şəki, Quba, Qəbələ, Lənkəran, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur, eləcə də digər bölgələrimiz fərqli turizm məhsulları ilə həm daxili, həm də xarici turistlər üçün cəlbedici istiqamətlərə çevrilə bilər.

Xüsusilə region turizminin inkişafı yeni iş yerlərinin açılması və yerli sahibkarlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. “Turizm kəndi” konsepsiyasının tətbiqi də bu baxımdan yeni imkanlar açacaq.

Digər mühüm istiqamət nəqliyyat əlçatanlığıdır. Turizm destinasiya­sının cəlbediciliyi qədər həmin istiqamətə rahat və münasib qiymətlərlə çatmaq imkanının olması da vacibdir. Birbaşa uçuşların artırılması, yeni istiqamətlərin açılması və aviabiletlərin əlçatanlığının yüksəldilməsi Azərbaycanın turizm rəqabət qabiliyyətini daha da artıracaq.

Dövlət Proqramında viza siyasətinin təkmilləşdirilməsi, rəqəmsal turizmin inkişafı, yeni turizm məhsullarının yaradılması, hotel və xidmət keyfiyyətinin yüksəldilməsi, peşəkar kadr hazırlığının gücləndirilməsi və investisiyaların təşviqi kimi istiqamətlərin müəyyənləşdirilməsi də xüsusi əhəmiyyət daşıyır.

Müasir turizm bazarında rəqabət yalnız təbiət və tarixi abidələrlə aparılmır. Turist keyfiyyətli xidmət, əlçatan nəqliyyat, rahat viza proseduru, rəqəmsal imkanlar və yaddaqalan təcrübə axtarır.

Hesab edirəm ki, Azərbaycanın ən böyük üstünlüklərindən biri müxtəlif turizm imkanlarının eyni ölkədə cəmləşməsidir. Dəniz, dağ, qış turizmi, sağlamlıq, ekoturizm, qastronomiya, mədəni və tarixi turizm kimi istiqamətlərin paralel genişlənməsi ölkəmizə ilboyu turist qəbul etmək imkanını artırır.

Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurun turizm potensialının inkişafı da Azərbaycanın turizm coğrafiyasını əhəmiyyətli dərəcədə artıracaq.

Qarşıdakı mərhələdə əsas məsələ Dövlət Proqramında müəyyən edilmiş hədəflərin həyata keçirilməsidir. Bunun üçün dövlət qurumları ilə yanaşı, turizm sənayesinin nümayəndələrinin, sahibkarların, hotelçilərin, turizm şirkətlərinin və digər sektor iştirakçılarının fəal iştirakı vacibdir.

Azərbaycan artıq regionun mühüm turizm ölkələrindən biridir. Qarşıdakı beş ildə əsas məqsəd isə bu potensialı daha da yüksək iqtisadi nəticəyə çevirmək, turizmin yeni iş yerlərinin və sahibkarlıq imkanlarının mühüm mənbəyinə çevirmək və Azərbaycanı beynəlxalq turizm xəritəsində daha güclü mövqeyə çıxarmaqdır.

Əminəm ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət və yeni Dövlət Proqramının yaratdığı imkanlar Azərbaycan turizminin qarşıdakı illərdə daha da sürətli və keyfiyyətli inkişafına mühüm töhfə verəcək”, – deyə millət vəkili bildirib.

Oxşar xəbərlər