Azərbaycan və Maldiv Respublikası arasında vizasız rejimin tətbiqi ilə bağlı saziş qüvvəyə minib.
Turizmplus.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 24 sentyabr 2025-ci il tarixində Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar tamamlanıb və sənəd 29 aprel 2026-cı il tarixindən qüvvəyə minib.
Sazişə əsasən, Azərbaycan və Maldiv Respublikası vətəndaşları qarşılıqlı olaraq digər ölkənin ərazisinə daxil olmaq, oranı tərk etmək və ya tranzit keçmək üçün viza tələbindən azad olunurlar.
Qeyd edilib ki, tərəflərin etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları digər ölkənin ərazisində giriş tarixindən etibarən 90 günədək vizasız qala biləcəklər.
Bu qərarın iki ölkə arasında turizm əlaqələrinin inkişafına və səfərlərin daha da asanlaşmasına töhfə verəcəyi gözlənilir.