Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə Summer Tour Azerbaijan turoperatoru arasında turizm sahəsində mövcud və gələcək əməkdaşlığın inkişafı və iş birliyinə dair memorandum imzalanıb.
“Mediaplus” xəbər verir ki, sənədi ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov və Summer Tour Azerbaijan turoperatorunun icraçı direktoru Qüdrət Hacıyev imzalayıb.
Memorandumun əsas məqsədi turizm fəaliyyətinin inkişafına yönəlik layihələrin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində əməkdaşlıq etmək və turizm sahəsi üzrə ortaq tədbirlər həyata keçirməkdir.
Sənədə əsasən Asossasiyaya üzv olan turizm agentliklərinin rəhbərlərinə və onların ailə üzvlərinə qrup transferi üzrə sifarişlərinin fərdi transfer xidmətinə ödənişsiz qaydada keçirilməsi, Üzv şirkətlərin rəhbərlərinə və onların ailə üzvlərinə şirkət tərəfindən Antalya, Bodrum, Dalaman və İzmir istiqamətləri üzrə ekskursiya xidmətlərinin 50 faiz endirimli qiymətlərlə təqdim edilməsi, şirkət tərəfindən təşkil edilən infoturlara yalnız Asossasiyaya üzvlərinin cəlb olunması, eləcə də Asossasiyaya üzv olan turizm agentliklərinin rəhbərlərinə və onların ailə üzvlərinə qonaqlama xidmətinin göstərilməsi zamanı mümkün olduğu halda və şirkətin imkanları daxilində komissiyasız şərtlərlə daha üstün kateqoriyalı hotel otaqlarının təqdim edilməsi nəzərdə tutulur.
Bununla yanaşı üzv şirkətlərin yeni əməkdaşlarının bilik və bacarıqlarının yüksəldilməsi məqsədi ilə şirkət tərəfindən təlimlər təşkil ediləcək, ATAA üzvlərinə statik və dinamik turizm paketlərinin realizəsi zamanı şirkətin təqdim etdiyi aviabiletlərlə bağlı xüsusi köməklik göstəriləcək.
Qeyd edık ki, memorandum imzalandığı gündən qüvvəyə minmiş hesab olunur.