Fevralın 3-də Dövlət Turizm Agentliyində 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə turizm könüllüləri və turizm ixtisasında təhsil alan tələbələrin iştirakı ilə tədbir keçirilib.
DTA-dan Turizmplus.az saytına verilən məlumata görə, açılış nitqi ilə çıxış edən Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan gənclər siyasətinin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Kənan Qasımov qurumun öz fəaliyyətində daim gənc potensiallara önəm verdiyini, onlara karyeralarında hər zaman dəstək göstərildiyini vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri, millət vəkili Göydəniz Qəhrəmanov məhz Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ilin fevralın 2-də ilk Gənclər Forumundan sonra bu günün Gənclər Günü kimi qeyd olunmağa başlanıldığını və Ulu Öndərin gənclərə hər zaman xüsusi qayğı və diqqətlə yanaşdığını bildirib. Göydəniz Qəhrəmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına şərait yaratdığını, onların özlərini cəmiyyətdə müstəqil formada təqdim etmələrində mühüm rol oynadığını diqqətə çatdırıb.
Tədbir zamanı “Turizm Könüllüləri” İctimai Birliyinin ötən il ərzində göstərdikləri fəaliyyət barədə ümumi icmal təqdim olunub, həmçinin COP29 tədbirində fəal iştiraklarına görə fərqlənən könüllülər təşəkkürnamələrlə təltif ediliblər.