«Qonaqlar hotellərin qiymət və keyfiyyət uyğunsuzluğundan narazıdır» — GÜNAY SAĞLAM

358588686 10211450703860247 3690125889026094081 n

Post-pandemiya dövründə bir çox ölkələrdə turizm statistikaları 2019-cu ilin nəticələrinə çatıb və ya yaxındır. Azərbaycanda rəsmi qurumlar tərəfindən göstərilən statistikalar göstərir ki, 2023-cü il 2021-2022-ci illərin nəticələrini arxada qoyur. Bununla yanaşı, yay mövsümündə çimərlik ərazilərində və hotellərdə aktivlik nümayiş edilir.

Yay mövsümü boyu hotellərin doluluq səviyyəsi, xidmət və keyfiyyət, insanların düşüncələri barədə Azərbaycan Hotel Assosiasiyasının İcraçı Direktoru Günay Sağlam Turimplus.az saytna danışıb.

Yay mövsümündə əsasən çimərlik hotellərinin doluluq səviyyəsi necə olub?

Azərbaycanda dəniz kənarında yerləşən və minimal standartlara görə hotel adlandırıla bilən müəssisələrin sayı çox azdır. Mövcud olan çimərlik hotellərinin doluluq sayı isə bu il həftə içi 80%, həftəsonlarında isə 100%-dək qalxmışdır. Qiymətlərin kifayət qədər yüksək olmasını nəzərə alarsaq, bu çox yüksək göstəricilərdir.

Bakıda möhtəşəm «Tourism Day Private Event» tədbiri baş tutacaq

Mövsümdən öncə və yay ayları boyunca keyfiyyət və xidmətin artırılması ilə bağlı AHA hotellərlə hansı işləri aparıb?

AHA 2019-cu ildən etibarən daima hotellərin keyfiyyətinin artırılması ilə bağlı işlər görür. Buraya həm məlumat xarakterli tədbirlər, həm xarici təcrübələrin paylaşılması, həm də müxtəlif hotelçilik təlimlərinin keçirilməsi daxildir. Ən vacib faktor olan təmizlik və gigiyenanın təkmilləşdirilməsi məqsədilə region hotellər üçün praktiki təmizlik təlimləri bizim tərəfimizdən təşkil edilmişdir. Keyfiyyətin artırılması üçün AHA-nın əsas fəaliyyəti isə Milli Ulduz Təsnifatının tətbiqi, yəni hotellərin beynəlxalq və yerli standartlara əsasən qiymətləndirilməsidir.

Müştərilərdən hansı «feedbacklər»i alırsız?

Qonaq rəylərini nəzərdən keçirdikdə, gördüyümüz odur ki, ümumilikdə, qonaqlar hotellərin qiymət və keyfiyyət uyğunsuzluğundan narazıdır. Belə ki, qiymətlər, əsasən də həftəsonu və bayram günlərində çox yüksəkdir, lakin əfsuslar olsun ki, göstərilən xidmət gözləntiləri doğrultmur və ödənilən məbləğin dəyərində deyil.

Təcrübəmizə əsaslanaraq deyə bilərik ki, hotellər turistik sezon hazırlığına və əməkdaşların təlimlərinə lazımı vaxt və resursları ayırmaq istəmir. Beləliklə, yüksək qiymətlərə baxmayaraq, məhsulu tanımayan, hazırlıqsız və səriştəsiz əməkdaşlar, qısa müddətlik əmək müqaviləsinin verdiyi rahatlıqla qonaqlara xidmət göstərirlər. Biz Azərbaycan Hotel Assosiasiyası olaraq, tez-tez bu cür hallar haqqında qonaq rəyi hesabatlarını nəzərdən keçiririk və bu halların həllini tapmaq məqsədilə hazırki yay sezonunun sonunda hotellərlə görüş keçirməyi və mənfi qonaq rəylərini toplu şəkildə müzakirə etməyi planlaşdırırıq. Vurğulamaq istərdik ki, Azərbaycanda heç bir çimərlik hoteli hələ də Milli Ulduz Təsnifatından keçməyib və ulduz dərəcəsinə sahib deyil.

Sonda onu da qeyd edim ki, müştərilər hotellər haqqında rəylərini www.hotelassociation.az/rey-yaz bölməsində bildirə bilərlər.

RƏHİM QƏDİROV

Menecerlər