Gecə Bakı hava limanında hərəkətlilik: TƏCİLİ ENİŞ, GERİ QAYIDAN TƏYYARƏ

BeFunky collage 53 scaled

Heydər Əliyev Beynəlxalq Aeroportunda hərəkətli gecə yaşanıb.

Hava limanından Turizmplus.az saytına verilən məlumata görə, əvvəlcə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə J2-2257 reysini həyata keçirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı yaxınlığında əlverişsiz hava şəraiti ilə (güclü yan külək) əlaqədar saat 01:45-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra saat 05:10-da Naxçıvana yola düşüblər.

Hava proqnozuna əsasən, yaxın iki gündə (iyulun 10-u və 11-i) Naxçıvan ərazisində güclü külək gözlənilir. Bununla əlaqədar olaraq, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə reyslərin təxirə salınması və ya vaxtının dəyişdirilməsi hallarının təkrarlanması ehtimalı istisna edilmir.

Daha sonra sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi səbəbilə «Türk Hava Yolları» şirkətinin İstanbul-Hoşimin (Vyetnam) reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

«Airbus A350» təyyarəsi yerli vaxtı ilə saat 06:52-də Bakı hava limanında uğurla eniş edib. Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.

Menecerlər