Azərbaycanın milli aviadaşıyıcısı Azərbaycan Hava Yolları (AZAL) təyyarə bələdçisi olmaq istəyən namizədlər üçün yeni karyera imkanını elan edib. Turizmplus.az xəbər verir ki, şirkət ölkənin müxtəlif regionlarını əhatə edən seçim mərhələlərinə start verir və ilk dayanacaq olaraq Sumqayıt şəhəri müəyyən edilib.
Yeni təşəbbüs çərçivəsində AZAL bələdçisi olmaq arzusunda olan gənclər üçün seçim mərhələləri birbaşa regionlarda keçiriləcək. Bu yanaşma namizədlərin paytaxta gəlmədən ilkin mərhələdə iştirakını asanlaşdırmaq və daha geniş müraciət imkanları yaratmaq məqsədi daşıyır.
Şirkətin məlumatına görə, yaxın günlərdə Azərbaycanın digər böyük şəhərlərində keçiriləcək seçim mərhələlərinin tarixləri də ictimaiyyətə açıqlanacaq.
Müraciət müddəti 15 may – 15 iyun tarixlərini əhatə edir.
Namizədlər vakansiya üzrə müraciəti rəsmi link vasitəsilə edə bilərlər: AZAL karyera səhifəsi
Aviasiya sahəsində karyeraya marağın artması fonunda bu təşəbbüsün xüsusilə gənclər arasında yüksək maraq doğuracağı gözlənilir.