Sektora ziyan vuran viza alverçiləri; Görüş yerləri qat-qat baha satılır… – TURİZMÇİLƏR DANIŞIR
Son aylarda turizm sənayesində viza görüş yerlərinin tutulub-saxlanılması və qeyri-qanuni, dəyərindən 10 dəfələrlə artıq qiymətə satılması faktları geniş vüsət alıb.
Turizmplus.az bu faktlarla bağlı turizm sənayesinin qabaqcıl nümayəndələri arasında sorğu keçirib.
“R Travel and Tours” şirkətinin icraçı direktoru Aynur Əlləzova saytımıza açıqlamasında viza görüş yerlərinin satılması faktını təsdiqləyib.
“Biraz əvvələ qədər satışlar turizm qruplarında açıq şəkildə həyata keçirilirdi. İndi isə həmkarların müraciəti zamanı onlara şəxsi mesaj şəklində göndərirlər. Bu yerlər 300-500 AZN dəyərində satışa çıxarılır.
İnsanlarımız fərqli ölkələrə ziyarət edib, fərqli mədəniyyətlərlə tanış olmaq istəyirlər. Hazırda bu yerlərin qanunsuz satılması Avropa istiqamətində satışlar zamanı problemlər yaradır. İstiqamətlər azaldıqca da təkliflər də azalır ki, bizi sahədə də əsasən, təklif tələbi doğurur. Biz bu məsələlərlə bağlı aidiyyatı orqanlara müraciət edirik və ümid edirəm ki, bu il problem həllini tapacaq”, – deyə Aynur Əlləzova bildirib.
“Granitas Travel” şirkətinin nümayəndəsi Kamran Vəlizadənin sözlərinə görə, səfirliklərdə yer olmadığı səbəbindən isə turist ya bu pulu ödəməyə məcbur olur, ya səyahətini təxirə salır, ya da istiqaməti dəyişir.
“Qiymətlər 150-300 azn aralığında dəyişir. Satış proseduru istədiyiniz tarixi deyirsiniz və yer lazım olan şəxsin (şəxslərin) pasportunu göndərirsiniz. Gün ərzində sizə yerləri təsdiq edən sənədi atırlar. Bunun sektora mənfi təsiri, qiymət qalxmasıdır. 4 nəfərlik bir ailədə viza xərcləri bu yer satılması səbəbindən normadan 600-1000 manat aralığında daha baha təklif edilir”, – deyə Kamran Vəlizadə bildirib.
“Baku Life Travel” şirkətinin direktoru Məltəm Qədimlinin sözlərinə görə, bu belə davam edərsə turistlər Avropaya səyahəti dayandıra bilər.
“Təəssüf hissi ilə bildirirəm ki, hazırda qiymətlər 70-500 azn arası dəyişir.
Proses belə irəliləyir: turistin pasportu göndərilir qarşı tərəfə və ondan cavab gözlənilir. Bu bir neçə saatda çəkə bilər, bir neçə gündə. Yer alınandan sonra isə qarşı tərəfə kart vasitəsi ilə ödəniş edilir.
Bu qeyri-qanuni satışların sektora danılmaz mənfi təsirləri çoxdur.
Təsəvvür edin ki, dünənə kimi ödənişsiz olan səfirlik görüşü bu gün ödənişlidir. Turistdən yalnız xidmət haqqı alınardı amma hazırda əlavə yer haqqıda alınır, həmçinin turist əlavə səfirliyədə ödəniş edir. Sonuda məlum deyil ki, bu qədər xərcin qarşılığında viza ala biləcək ya yox?! Bunun qarşısı alınmalıdır.
Səfirlikdə görüş götürmək bazara çevrilməməlidir”, – deyə Məltəm Qədimli bildirib.
Turizmplus.az saytı olaraq məsələni diqqətdə saxlayırıq.
Müəllif: RƏHİM QƏDİROV