“Savtour”un təşkilatçılığı ilə Özbəkistanda Azərbaycanın turizm potensialının təqdimatı keçirilib
Özbəkistanda keçirilən beynəlxalq “TITF 2024” turizm sərgisi çərçivəsində “Savtour” turizm agentliyinin təşkilatçılığı ilə Özbəkistanın Daşkənd şəhərində Azərbaycanın turizm potensialının təqdimatı keçirilib.
Turizmplus.az xəbər verir ki, noyabrın 26-da paytaxt Daşkənd şəhərində, “Wyndham” hotelində baş tutan tədbirdə 90-a yaxın yerli turizm şirkəti üçün biznes səhər yeməyi təşkil edilib.
Tədbirdə “TABIA Group”un tərkibində olan “Gashalti Health Hotel Naftalan” və “Chinar Hotel” hotellərinin, eyni zamanda, Daşkənddə yerləşən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin nümayəndələri iştirak ediblər.
Təqdimat zamanı turizm şirkətlərinin nümayəndələrinə Azərbaycanın tarixi, gəzməli-görməli məkanları, sağlamlıq turizmi, o cümlədən “Savtour” turizm agentliyinin yenilikləri və tur-paketləri barədə məlumatlar verilib.
Qeyd edək ki, Azərbaycanın “Savtour” turizm agentliyi daima xarici ölkələrdə fəaliyyət göstərən turizm şirkətləri ilə əlaqələri genişləndirir, həm getmə, həm də gəlmə turizm sahəsində işini peşəkarlıqla həyata keçirir.