Özbəkistan tarixində ilk: Aprel ayında 1 milyondan çox xarici turist ölkəni ziyarət edib

2025-ci ilin aprel ayında Özbəkistan tarixində ilk dəfə olaraq bir ay ərzində 1 milyon nəfərdən çox xarici turist qəbul edib. Bu göstərici ölkənin turizm sahəsində əldə etdiyi mühüm nailiyyət kimi qiymətləndirilir.

Turizmplus.az Özbəkistanın Turizm və Mədəni İrs Komitəsinin yaydığı məlumata əsasən xəbər verir ki, bu artım ölkədə son illər ərzində həyata keçirilən genişmiqyaslı islahatların və beynəlxalq təşəbbüslərin nəticəsidir. Sadələşdirilmiş viza rejimi, rəqəmsal texnologiyaların tətbiqi və turizm infrastrukturunun yenilənməsi xarici turist axınının sürətlənməsində mühüm rol oynayıb.
Ölkənin əsas turist mənbəyi olan regionlar arasında Mərkəzi Asiya dövlətləri ön plana çıxır. Xüsusilə Qırğızıstan, Tacikistan və Qazaxıstandan gələn turistlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Rəsmi məlumatlara görə, 2025-ci ilin ilk dörd ayında Özbəkistana gələn xarici turistlərin ümumi sayı 3 milyonu ötüb.
Özbəkistan eyni zamanda davamlı və ekoloji turizmin inkişafına da diqqət yetirir. Bu istiqamətdə BMT-nin dəstəklədiyi Beynəlxalq Turistlərin Müdafiəsi Kodeksinə qoşulması ölkənin turist təhlükəsizliyi və hüquqları sahəsində beynəlxalq öhdəliklərə sadiqliyini nümayiş etdirir.
Mütəxəssislər hesab edirlər ki, Özbəkistanın bu uğuru region ölkələri üçün nümunə ola bilər və Mərkəzi Asiyada turizmin inkişafı baxımından yeni mərhələnin başlanğıcını simvolizə edir.