İRADƏ HÜSEYNOVA: Bu şirkətlər sektoru alt-üst edirlər… – MÜSAHİBƏ

Türkiyənin yay kurortlarına erkən rezervasiyalar davam edir. Bu il də ötən illərdə olduğu kimi azərbaycanlı turistlər üçün əsas istiqamətlərdən biri məhz Antalya, Bodrum, Fethiye və İzmir olacaq. Erkən rezervasiyaların baş tutduğu ərəfədə illərdir Türkiyə bazarı üzrə fəaliyyət göstərən “Globus Orbita Travel” şirkətinin direktoru İradə Hüseynova ilə söhbətləşdik.

- Biz bilirik ki, Globus Orbita şirkəti illərdir ki, xarici bazarda fəaliyyət göstərir. Bu illər ərzində inkişaf mərhələsi və qazanılan nəaliyyətlə barədə nə deyə bilərsiniz?
Bəli, qeyd etdiyiniz kimi “Globus Orbita Travel” illərdir ki, turizm sektorunda öz dəsti-xətti ilə tanınan şirkətlərdəndir. Fəaliyyətə başladığımız 1998-ci ildən bəri uzun yol qət etmişik. Fəaliyyətimizin ilk illərində Avropa ölkələri və Rusiya ilə əməkdaşlıq edirdik. Azərbaycandan gələn turist sayı o qədər az idi ki, statistik göstəricilərdə ölkəmizin adına rast gəlmək olmurdu. Çətin illər idi; Ölkəmiz müharibə şəraitində, insanların maddi durumu aşağı səviyyədə idi. Bakıda isə barmaq sayı qədər turizm agentliyi fəaliyyət göstərirdi. Amma indi hər şey fərqlidir. Şirkətlərin sayı günü-gündən artır, insanlarımızın rifah halının yüksəlməsi nəticəsində turizm inkişaf edir, təlabat get-gedə artır. Buna sevinmək lazımdır. Bu inkişaf mərhələsində “Globus Orbita Travel” şirkətinin də əməyi olması məni bir azərbaycanlı olaraq sevindirir. Onu da qeyd etməliyəm ki, 1994-cü ildə beynəlxalq alman hotellər şəbəkəsinin öndə gedən hotelində işə başladığım və 1998-ci ildə turizm şirkəti quran ilk azərbaycanlı kimi də fəxr hissi duyuram.
- Əslində, hər il baş verən ancaq sayı azalmayan fırıldaqçılıq faktları barədə, bunların qarşısı necə alınmalıdır?
Yuxarıda da qeyd etdiyim kimi, sevindirici haldır ki, turizm şirkətlərinin sayı artmaqdadır. Ancaq diqqətli olmaq lazımdır. Turistlər yeni meydana çıxan ancaq təklif etdikləri qiymətlər “yerlə sürünən” şirkətlərdən ehtiyat etməlidir. Bununla yanaşı şirkətlər də diqqətli olmalıdır. Turizm qanunları işləməyən və ya hələ qüvvəyə minməyən qanunların olduğu xarici ölkələrdə yaranan şirkətlərin də bazara ziyan verməsi mümkündür. Qeyri-adi aşağı qiymətlərlə yerli şirkətlərə mənfi təsir etməkdən, bazarı alt-üst etməkdən başqa heç bir şey etmirlər. Bir məsələni də mütləq qeyd etməliyəm. Xarici dövlətlərdən gələn, tur-operator fəaliyyəti həyata keçirən öz payını və kapitalını itirmək üzrə olan firmaların Azərbaycan bazarına girib, yerli və milli şirkətləri, tur-operatorları dempinq yolu ilə yox etməməsinə diqqətlə yanaşmaq lazımdır. Bunun üçün də təyyarə biletlərinin qiymətlərini ən azı qonşu ölkələrin qiymətləriylə mümkün qədər yaxınlaşdırmaq lazımdır. Əks halda Azərbaycan turizm sektoru xarici şirkətlərin caynağına keçə bilər. Nəticədə, yerli şirkətlər onların subagenti vəziyyətinə salınacaq.
- Bu il Türkiyənın yay kurortlarında turistləri hansı yeniliklər gözləyir? Qiymətlər barədə nə deyə bilərsiniz?
2025-ci ilin yay mövsümü üçün Türkiyənin Antalya, Bodrum, Marmaris, Kuşadası istiqamətlərində fərqli konseptdə və maraqlı hotellər açılır. “Luxury segment” tələbatı artdıqca qiymət siyasətində də dalğalı dəyişikliklər meydana çıxır. Bu il erkən rezervasiyalar müddətindəki qiymətlərin əvvəlki illərə nisbətən çox ciddi şəkildə tənzimlənməsi qiymətlərdə müsbət təsirini də göstərəcək.
- “Globus Orbita Travel” şirkətinin gələcək planları hansılardır? Bu il yerli turizm şirkətləri üçün relax info-tur təşkil ediləcəkmi?
“Globus Orbita” hər il olduğu kimi, bütün turizm sərgilərində iştirak etməklə bərabər, demək olar ki, bütün MDB və bir çox Avropa ölkələri ilə əməkdaşlıq edir. Ana xəttimiz VIP turizmin və MICE proqramlarının inkişafıdır. Bununla yanaşı Şimali Kipr istiqamətini də bu il önə çıxararaq bu istiqamətə marağı olan Azərbaycan turizm şirkətləri üçün info-tur təşkil ediləcək. Bu istiqamətlərə marağı olan və satışlar həyata keçirməyi planlaşdıran peşəkar şirkətləri həm Antalyaya həm də Şimali Kiprə baş tutacaq “relax” info-turlarımıza dəvət edirik.