Azərbaycan–Türkiyə arasında sağlamlıq turizmi üzrə onlayn konfrans keçirilib

Yanvar 23, 2026 12:23 / 49
Azərbaycan–Türkiyə arasında sağlamlıq turizmi üzrə onlayn konfrans keçirilib
A-
A
A+

21 yanvar tarixində Azərbaycan–Türkiyə arasında sağlamlıq turizmi sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə onlayn konfrans-görüş keçirilib. Tədbir Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və SKAL International Baku Klubunun rəsmi dəstəyi, Trabzon İmperial Xəstəxanasının və Aydın Partners şirkətinin təşkilatçılığı ilə baş tutub.

cbx-add

Turizmplus.az xəbər verir ki, görüş zamanı Trabzon İmperial Xəstəxanasının nümayəndələri ilə Azərbaycan və Türkiyə arasında sağlamlıq turizmi üzrə mövcud imkanlar, qarşılıqlı əməkdaşlıq perspektivləri və tibbi xidmətlərin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Tərəflər xüsusilə azərbaycanlı pasiyentlər üçün Türkiyədə təqdim olunan tibbi xidmətlərin əlçatanlığı, keyfiyyəti və üstünlükləri üzərində dayanıb.

Müzakirələr zamanı kardiologiya və ürək-damar cərrahiyyəsi, ortopediya və travmatologiya, plastik və estetik cərrahiyyə, onkologiya, eləcə də check-up proqramları kimi ən çox tələb olunan tibbi sahələr diqqət mərkəzində olub. Bununla yanaşı, Azərbaycan vətəndaşları üçün nəzərdə tutulan xüsusi müalicə paketləri, fərdi yanaşma və üstünlüklər barədə ətraflı məlumat verilib.

Konfrans çərçivəsində pasiyentlərin müraciət mərhələsindən başlayaraq diaqnostika, müalicə və reabilitasiya proseslərinə qədər bütün mərhələlər müzakirə edilib. Qiymət siyasəti, sığorta imkanları, viza prosedurları, transfer, yerləşmə və ümumi logistika dəstəyi ilə bağlı məsələlər də tədbir iştirakçılarının marağına səbəb olub. Eyni zamanda iki ölkə arasında agentlik və klinik əməkdaşlıq modelləri, birgə marketinq və tanıtım strategiyaları, pasiyent məmnuniyyəti, xidmət keyfiyyəti və beynəlxalq sertifikatların əhəmiyyəti vurğulanıb.

Tədbirin sonunda keçirilən sual-cavab sessiyasında hər iki tərəfin nümayəndələri fəal iştirak edərək aktual məsələlər ətrafında açıq və səmərəli müzakirələr aparıblar. Görüş zamanı 2026-cı ildə beynəlxalq platformalarda birgə iştirak, qarşılıqlı konfransların, seminarların və infoturların təşkili barədə razılıq əldə olunub. Həmçinin birbaşa Bakı–Trabzon avia xəttinin mövcudluğu və uçuş sayının artırılmasının Azərbaycan və Türkiyə arasında sağlamlıq turizmi və ümumilikdə turizm əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə verəcəyi xüsusi olaraq qeyd edilib.

Oxşar xəbərlər