USD 1.7
13 °C

Azərbaycan turizmçiləri “WTM London 2024” beynəlxalq turizm sərgisində

Noyabr 6, 2024 17:45 / 184
Azərbaycan turizmçiləri “WTM London 2024” beynəlxalq turizm sərgisində
A-
A
A+

Azərbaycan Turizm Bürosu Azərbaycanın turizm potensialının nümayiş etdirilməsi məqsədilə yerli turizm tərəfdaşları ilə birlikdə Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən Dünya Səyahət Bazarı (WTM London 2024) beynəlxalq turizm sərgisində iştirak edir.

cbx-add

DTA-dan Turizmplus.az saytına verilən məlumata görə, milli stenddə ölkəmizi “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi ilə birlikdə ümumilikdə 10 yerli turizm sənayesi tərəfdaşı təmsil edir.

Sərgi zamanı ziyarətçilərə Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəxi, dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq və ekoturizm imkanları, eləcə də qış turizmi barədə geniş məlumat təqdim edilir.

Milli stenddə ziyarətçilərə Azərbaycanın turizm potensialı ilə yaxından tanış olmaq üçün interaktiv təcrübələr təqdim olunur. Stenddə qonaqlar Azərbaycan şərablarının və milli şirniyyatların dadına baxa, eləcə də VR (virtual reallıq) eynəkləri vasitəsilə ölkəmizin gözoxşayan mənzərələrinə virtual səyahət edə bilərlər.

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov milli stendimizə baş çəkərək sərginin gedişatı və nümayiş olunan turizm məhsulları ilə tanış olub.

Dünya Səyahət Bazarı (WTM) sərgisi 1980-ci ildən etibarən hər il keçirilir və dünyanın hər yerindən turizm idarəetmə qurumlarını və turizm sənayesi nümayəndələrini bir araya gətirir.
Noyabrın 7-nə qədər davam edəcək tədbirdə 182 ölkədən 5 min sərgi iştirakçısının və turizm sənayesinin 51 mindən çox nümayəndəsinin qatılacağı planlaşdırılır.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr dövründə Azərbaycana səfər edən Böyük Britaniya vətəndaşlarının sayı 20 973 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 % artımdır.

Oxşar xəbərlər