USD 1.7
15 °C

AVROPA: İntensivlik, qiymətlər, trend şəhərlər və problemlər – TURİZMÇİLƏR DANIŞIR

İyun 12, 2024 15:19 / 944
AVROPA: İntensivlik, qiymətlər, trend şəhərlər və problemlər – TURİZMÇİLƏR DANIŞIR
A-
A
A+

Hazırda turizm sahəsində yüksək mövsüm yaşanır. Bu səbəblə yerli vətəndaşlar müxtəlif ölkələrə üz tutur. Qonşu ölkələrlə quru sərhədlərinin qapalı olması təyyarə ilə səfərlərin sayına ciddi təsir göstərir.

cbx-add

Turizmplus.az bu mövsüm Avropa istiqaməti üzrə turistlərin intensivliyi, qiymətlər, şəhərlər və problemlər barədə turizm peşəkarları ilə danışıb.

“Yes Travel” şirkətinin direktoru Üzeyir Bağırlı saytımıza bildirib ki, Azərbaycanda Avropa istiqamətinə olan maraq gündən günə artır.

“Vətəndaşlar tərəfindən bu istiqamətdə səfərlərdə intensivliyi yüksək səviyyədə dəyərləndirmək olar. Yerli turizm şirkətlərinə müştərilər tərəfindən gələn sorğular artıq əvvəlkindən daha yüksəkdir. Şengen zonasına daxil olan ölkələrin səfirlikləri viza şərtlərində dəyişiklik tətbiq etdikdən sonra yerli turizm şirkətlərinə viza müraciətləri daha da artıb.

Lakin yay mövsümü səbəbilə viza müraciətlərində sıxlıq olduğundan və səfirliklərdə yerlər tez bitdiyinə görə hazırda bununla bağlı çətinliklər yaşanır.

Bu sıxlığın həll yolu səfirliklərdə günlük müraciət sayının limitini artmasıdır, məsələn, əgər hazırda günlük vətəndaş qəbul sayısı 25-30, pik mövsümündə bu 45-50 qədər qaldırılmalıdır.

Avropa ölkələrindən ötən ildəki kimi bu ildə ən böyük tələbat İtaliya istiqamətindədir. Bununla yanaşı digər popular olanlar Barselona, Budapeşt, Vyana, Praqa, Amsterdam istiqamətləridir.

Bu istiqamətlərdə qiymətlərin artımını da vurğulamaq istəyirəm. Ötən illərlə müqayisədə hotellərin və individual turların qiymətində artımı görmək mümkündür”, – deyə Üzeyir Bağırlı qeyd edib.

“GTT Travel” şirkətinin rəhbəri İlahə Məmmədovanın sözlərinə görə, Türkiyə istiqamətində qiymətlərin bahalaşması səbəbilə yerli vətəndaşlar daha çox yeni amma vizasız istiqamətlərə üstünlük verir.

“Avropa istiqamətində isə daha çox sorğu İtaliya, Yunanıstan və Fransa üzrədir. Bəzi hallarda yerli turistlərimizin seçimi həmin ölkələrdə keçirilən dünya miqyaslı tədbirlərlə əlaqəli olur. Bu mənada intensivlik ötən illərə nisbətən artıb. Təəssüf hissi ilə qeyd etməliyəm ki, viza prosedurlarında yaranan bəzi mənfi məqamlar bu intensivliyin qarşısını alır.

Təbii ki, ötən illərə nisbətən qiymətlərlə bağlı artımlar var ancaq bu Türkiyə istiqamət ilə müqayisədə gözə çarpan dərəcədə deyil”, – deyə İlahə Məmmədova vurğulayıb.

“Baku Tour” şirkətinin rəhbəri Ravil Həsənov bildirib ki, Avropa istiqamətinə təlabat ildən-ilə artsa da viza məsələləri ilə bağlı problemlər olduğu kimi qalır.

“Həm turistlər həm turizm şirkətləri hazırda əziyyət çəkir. Paris, Amsterdam, Barcelona və Roma azərbaycanlı turistlərin ən çox görmək istədiyi şəhərlərdir.  Ən çox təlabat olan şəhərlər isə Roma və Milandır.

Ötən illərlə müqayisədə qiymətlər yüksəkdir. Əgər, ötən illərdə Avropa daxili uçuşlarda çox aşağa qiymətlə aviabiletlərə rast gəlinirdisə keçən ildən bu ilə artıq aşağa qiymətlərə nadir hallarda rast gəlinir. 2 ildir Avropada yaşadığım üçün deyə bilərəm ki, daxili qiymətlərdən bu qitənin vətandaşları da çox şikayətlənir. Sonda onu da deyim ki, bu artımlar turistlərin Avropaya olan marağını azaltmayıb”, – deyə Ravil Həsənov bildirib.

MÜƏLLİF: RƏHİM QƏDİROV

Oxşar xəbərlər