ATAA üzvləri üçün “Ramana Qəsri Muzeyi”nə infotur təşkil olunub
Qobustan Milli Tarix-Bədii Qoruğunun və Azərbaycan Turizm Agentlikləri Asssosiasiyasının birgə təşəbbüsü ilə ATAA üzvləri üçün “Ramana Qəsri Muzeyi”nə infotur təşkil olunub.
Təşkilatdan Turizmplus.az saytına verilən məlumata görə, infoturun keçirilməsində məqsəd turizm şirkətlərinin “Ramana Qəsri Muzeyi” ilə daha yaxından tanışlığının təmin edilməsi, məkanın turizm potensialının və təqdim etdiyi imkanların ATAA üzvlərinə tanıdılması, eləcə də gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi olub.
İnfotur çərçivəsində Assosiasiya üzvləri “Ramana Qəsri Muzeyi”nin tarixi, memarlıq xüsusiyyətləri və yeni konsepsiyası, ekskursiya marşrutları, ziyarətçilər üçün yaradılan imkanlarla tanış olublar.
Bununla yanaşı Assosiasiya nümayəndələrinə “Ramana Qəsri Muzeyi”nin yerli və xarici turistlər üçün təklif etdiyi imkanlar, tarixi-mədəni irsin turizm məhsullarına inteqrasiyası və məkanın müxtəlif turizm marşrutlarına daxil edilməsi perspektivləri barədə məlumat təqdim edilib.
Görüş zamanı həmçinin “Ramana Qəsri Muzeyi” ilə ATAA üzvləri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib, turizm şirkətlərinin muzeyə turist səfərlərinin təşkilində iştirakı, yeni ekskursiya və turizm paketlərinin hazırlanması, həmçinin məkanın daxili və gəlmə turizm məhsullarında daha fəal təqdim olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

