Turizm sektorunda yeni subsidiya mexanizmləri yaradılacaq
Azərbaycanda turizm sahəsində çevik və əhatəli təşviq çərçivəsinin yaradılması nəzərdə tutulur.
Turizmplus.az xəbər verir ki, qlobal turizm bazarlarında artan rəqabət, eləcə də sosial, iqtisadi və siyasi şəraitin sürətlə dəyişməsi turizm sektorunda çevik və əhatəli təşviq mexanizmlərinin tətbiqini zəruri edir.
Dövlət Proqramında turizm sahəsinin inkişafını stimullaşdırmaq məqsədilə müxtəlif istiqamətlər üzrə subsidiya mexanizmlərinin yaradılması nəzərdə tutulub.
Belə ki, hava nəqliyyatı ilə qeyri-müntəzəm, yəni çarter uçuşların təşkilinə görə təşkilatçıların xərclərinin kompensasiyası ilə bağlı subsidiya mexanizmi yaradılacaq.
Həmçinin hədəf turizm bazarları üzrə əlavə müntəzəm aviareyslərin təşkili ilə bağlı subsidiya mexanizminin yaradılması planlaşdırılır.
Turizm əhəmiyyətli tədbirlərin, o cümlədən konsert və əyləncəli proqramların təşkilinə görə tədbir təşkilatçılarının xərclərinin bir hissəsinin kompensasiyası üçün də subsidiya mexanizmi tətbiq ediləcək.
Bununla yanaşı, yerləşmə xidmətləri infrastrukturu üzrə investorlara subsidiya dəstəyinin verilməsi nəzərdə tutulur.
Yeni mexanizmlər çərçivəsində turoperatorlara ölkəyə gətirdikləri əcnəbi turistlərə görə subsidiya verilməsi də planlaşdırılır.
Dövlət Proqramında turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyinin verilməsi də ayrıca tədbir kimi müəyyənləşdirilib.
Gözlənilir ki, bu təşviq mexanizmləri turizm sektorunda sahibkarlıq fəaliyyətinin genişlənməsinə, yeni aviareyslərin və çarter uçuşların artırılmasına, turist axınının stimullaşdırılmasına və turizm infrastrukturuna investisiyaların təşviqinə imkan yaradacaq.

