Muğlada tualet istifadəsi üçün tələb olunan 19 manat sosial şəbəkələrdə müzakirələrə səbəb olub
Türkiyənin məşhur yay turizm istiqamətlərindən biri olan Muğlanın Akyaka qəsəbəsində fəaliyyət göstərən bir obyektin müştəri olmayan şəxslərdən tualet istifadəsi üçün 500 TL (təxminən 19 AZN) tələb etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Turizmplus.az xəbər verir ki, qeyd olunan qiyməti görən bir qrup gənc vəziyyəti zarafatla qarşılayaraq hadisəni lentə alıb. Videoda gənclərdən biri dostuna “Mənə 500 TL borc ver, tualetə girəcəyəm” deyərək maraqlı dialoq qurur.
Son dövrlərdə Türkiyənin məşhur turizm bölgələrində xidmət qiymətlərinin əhəmiyyətli dərəcədə artması həm yerli sakinlər, həm də turistlər tərəfindən tez-tez tənqid olunur. Xüsusilə yay mövsümündə restoran, çimərlik, parkinq və digər xidmətlərlə yanaşı, bəzi obyektlərin əlavə xidmətlər üçün də yüksək ödəniş tələb etməsi müzakirə mövzusuna çevrilib.
Akyakadakı bu hadisə də turizm bölgələrində qiymət siyasəti ilə bağlı mübahisələri yenidən gündəmə gətirib.

