DİQQƏT: Bu saxta bilet satışı səhifələri ilə bağlı XƏBƏRDARLIQ
Son günlər sosial şəbəkələrdə fəaliyyət göstərən saxta səhifələrlə bağlı vətəndaşlara xəbərdarlıq olunub.
Turizmplus.az xəbər verir ki, Bilet.az bəzi Instagram səhifələrinin onların adından istifadə edərək dələduzluq etdiyini açıqlayıb.
Məlumata görə, @bilet._az və @biletim.az1 kimi saxta hesablar istifadəçilərə qeyri-real qiymətlərlə aviabiletlər təklif edir. Xüsusilə Bakı–Barselona istiqaməti üzrə 200–250 AZN kimi qiymətlərin təqdim edilməsi diqqət çəkir ki, bu da real bazar qiymətlərini əks etdirmir.
Şirkət bildirib ki, qeyd olunan səhifələrin onlarla heç bir əlaqəsi yoxdur və bu cür təkliflər vasitəsilə vətəndaşlardan ödəniş alınaraq dələduzluq halları baş verir.
Qeyd olunub ki, istifadəçilər şübhəli və həddindən artıq ucuz təkliflərə qarşı diqqətli olmalı, ödəniş etməzdən əvvəl mənbənin rəsmi olub-olmadığını yoxlamalıdır.
Mütəxəssislər vətəndaşlara bu cür hallarla qarşılaşdıqda ehtiyatlı olmağı və yaxınlarını da məlumatlandırmağı tövsiyə edir.

