Bakıda ETG və RateHawk şirkətlərinin birgə təşkilatçılığı ilə turizm sənayesinə həsr olunmuş biznes tədbiri keçirilib.
Turizmplus.az xəbər verir ki, Davos üslubunda panel müzakirələri formatında təşkil olunan tədbir turizm sektorunun peşəkarlarını bir araya gətirərək Azərbaycanın turizm istiqaməti kimi inkişaf perspektivlərini, qlobal trendləri və yeni imkanları müzakirə etmək üçün platforma yaradıb.
Tədbir çərçivəsində 2026-cı ildə turizm tələbatını formalaşdıran əsas qlobal tendensiyalar, otellərin bu tələbatla daha effektiv işləməsi üçün mexanizmlər, dövlət qurumları, turizm assosiasiyaları və brendlərin rolu müzakirə olunub. Eyni zamanda tələb və təklif arasında balansın qurulması, tərəfdaşlıqların genişləndirilməsi, texnologiyaların tətbiqi və B2B seqment vasitəsilə satışların artırılması kimi mövzular diqqət mərkəzində olub.
Panel müzakirələrində Mixail Taratınov, Fariz Axundov, Aleksandr Zribi, Fəridə Həsənova, Çingiz Mürsəlov və Rufat Bağırov kimi tanınmış mütəxəssislər iştirak edərək öz təcrübə və fikirlərini bölüşüblər.
Qeyd olunub ki, bu kimi tədbirlər sektor iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsi, yeni biznes imkanlarının yaradılması və Azərbaycanın beynəlxalq turizm bazarında mövqeyinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

